Misirdə Xocalı soyqırımının qurbanları anıldı

26 Fevral 2018 18:52 (UTC+04:00)

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki Səfirliyinin və burada fəaliyyət göstərən “Vətənpərvər”- Azərbaycan Diaspor Təşkilatları Birliyinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Azərbaycanın Qahirədəki Səfirliyindən Publika.az-a verilən məlumata görə, anım tədbirində səfir Tural Rzayev çıxış edərək 26 il bundan əvvəl Xocalıda mülki əhaliyə qarşı erməni ordusu və onların havadarları tərəfindən törədilən soyqırımından söhbət açıb. O, Xocalı soyqırımına ilk siyasi qiymətin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dünyada mövcud olan ikili standartlardan bəhs edən səfir, Xocalı soyqırımını törədən qatillərin hələ də cəzasız qaldığını təəssüf hissi ilə vurğulayıb.

Misirdəki “Vətənpərvər”- Azərbaycan Diaspor Təşkilatları Birliyinin rəhbəri Seymur Nəsirov gənclərimizi Xocalı soyqırımının təbliği ilə bağlı sosial şəbəkələrdə daha fəal olmağa çağırıb. O, eyni zamanda gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasında daha fəal iştiraka səsləyib. S.Nəsirov, həmçinin, Misir universitetlərində Azərbaycan dilini öyrənən tələbələrlə sıx əlaqələr quraraq onların vasitəsi ilə də Azərbaycanı təbliğ etməyin əhəmiyyətini qeyd edib.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar səfirlikdə təşkil olunan fotosərgi ilə tanış olub, sənədli filmə baxıblar.