Azərbaycanlı tələbələr Lyublyanada aksiya keçirdi

26 Fevral 2018 22:12 (UTC+04:00)

Sloveniyanın paytaxtı Lyublyana şəhərində təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçiriblər.

Ölkəmizin Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin Lyublyanada yerləşən ofisindən AZƏRTAC-a bildiriblər ki, Lyublyana Universitetində təhsil alan tələbələr aksiya zamanı yerli sakinləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu təcavüzün ağrılı faciələrindən olan Xocalı soyqırımı barədə məlumatlandırıblar. Onlar, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Xocalı soyqırımından və onun başvermə səbəblərindən bəhs edib, soyqırımını törədənlərin bu gün hələ də azadlıqda olduqlarını bildiriblər. Vurğulanıb ki, beynəlxalq ictimaiyyət bəşəriyyətə qarşı törədilmiş bu cinayətə hüquqi qiymət verməlidir.

Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və əyinlərinə “Xocalıya ədalət!” sözləri yazılmış köynəklərlə müxtəlif şüarlar səsləndirib, həmçinin Lyublyana şəhərinin sakinləri və qonaqlara Xocalı soyqırımı, erməni təcavüzü haqqında məlumatları əks etdirən broşürlər paylayıblar.