Terrorçuların lideri barədə qərara Ankaradan ilk REAKSİYA – VİDEO

27 Fevral 2018 16:53 (UTC+04:00)

Praqa məhkəməsinin PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) keçmiş həmsədri Saleh Müslimlə bağlı qərarına Türkiyə hökumətindən ilk reaksiya gəlib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Çexiyanın qərarının Ankara üçün sürpriz olmadığını bildirib.

“Saleh Müslümin buraxılması barədə qərar iki ölkə arasındakı əlaqələrə mənfi təsir edən və terror təşkilatına dəstək verən qərardır. Çexiyanın qərarı bizim üçün sürpriz olmadı. Bu, siyasi qərardır. Qanun var, amma ona əməl edən yoxdur. Əks halda, terrorçuların lideri Türkiyəyə ekstradisiya edilərdi”, - o deyib.

Qeyd edək ki, bu gün Praqa məhkəməsi Saleh Müslimi sərbəst buraxıb. İnterpol vasitəsilə axtarışa verilən Saleh Müslim fevralın 25-də Çexiyanın paytaxtı Praqada saxlanılmışdı. Türkiyə isə onun ekstradisiyasını tələb etmişdi.

Onun adı Türkiyənin Daxili İşlər Nazirliyinin “terrordan axtarılanlar” siyahısında idi və başına 4 milyon lirə mükafat qoyulmuşdu.

Ömər Dağlı