"Qarabağ" Sumqayıtda büdrədi

3 Mart 2018 20:49 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Kapital Bank" arenada "Sumqayıt" "Qarabağ"ı qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 49-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Amil Yunanov açıb. O, çempionatda 7-ci qolunu vurub.

"Qarabağ" hesabda tarazlığı 75-ci dəqiqədə Pedro Enrikenin dəqiq zərbəsi ilə yarada bilib. Beləliklə, xallarını 45-ə çatdıran "Qarabağ" birinci, 28 xala malik "Sumqayıt" 4-cü pillədə qalıb.

Oyuna maraq kifayət qədər böyük olub. 1500 tamaşaçı tutumuna malik stadionda daha bu qədər azarkeş oyuna pilləkənlərdə və hasar arxasından baxıb.