Respublika Narkoloji Mərkəzində baş vermiş yanğında həlak olan şəxslərdən biri həkim olub. Həmin şəxs mərkəzdə müalicə alırmış.
Publika.az xəbər verir ki, bunu baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov deyib.
"Yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə
baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı
həkim olub"- A.Şərifov bildirib.
Komissiya sədri qeyd edib ki, həlak olan 25 nəfərdən biri
pensiyaçıdır: “Komissiyanın qarşısında duran əsas məsələlərdən biri
sözsüz ki, həlak olanların şəxsiyyətlərini müəyyənləşdirmək,
onların dəfn mərasimlərini hökumət tərəfindən təşkil etmək və
ailələrinə lazımi yardımlar göstərməkdir. Bilirsiniz ki, yanaraq
ölən şəxslərin, xüsusilə narkoloji xəstələrin şəxsiyyətlərinin
müəyyənləşdirilməsi olduqca çətin məsələdir. Çünki elə xəstələr var
ki, 15-20 ildir orada müalicə alır. İndiyədək doqquz nəfərin
şəxsiyyəti müəyyənləşdirilib və onlar dəfn olunub. Onların
ailələrinə Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi
tərəfindən lazımi kömək göstərilib. Hesab edirəm ki, qalan
şəxslərin də şəxsiyyətlərinin müəyyənləşdirilməsi bir qədər vaxt
tələb edən məsələdir”.