Magistraturanın nəticələri elan edildi

5 İyun 2014 15:56 (UTC+04:00)

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşmanın nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, bakalavrlar ixtisaslaşma seçiminin nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Qəbul olunanların siyahısı iyunun 6-da “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisas seçimində iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.

Qəbul olanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin builki, 1695-i isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2101-i oğlan, 3025-i isə qızdır. Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 2014-cü ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər.

Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Gülxar