Türkiyə Rusiyadan yeni silahlar alır - NATO-ya AĞIR ZƏRBƏ

7 Aprel 2018 11:40 (UTC+04:00)

Rusiya ilə Türkiyə arasında razılaşdırılmış S-400 müdafiə sisteminin satışlarından sonra iki ölkə arasında əməkdaşlıq genişlənməkdədir.

Publika.az xəbər verir ki, Rusiyadan Türkiyə Silahlı Qüvvələrinin xidmətində olan “Kornet” tank əleyhinə raket başda olmaqla, təcili ehtiyac duyulan silahların alınması gündəmə gəlib. Tankların zirehlərinin gücləndirilməsinə dair mövzular da müzakirə edilməkdədir.

Bu mövzu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan 7-ci Rusiya-Türkiyə Ali Səviyyəli Əməkdaşlıq Şurası toplantısında da masaya qoyulub. Rusiyadan hərbi məhsulların alınması, ortaq istehsal imkanları müzakirə edilib. Toplantıdan sonra V.Putin “Türkiyəyə S-400 sistemlərinin verilməsi və proqnozlaşdırılmış razılaşmanın həyata keçirilməsi hərbi-texniki sahədəki hədəflərimizdəndir. Hökumətlərarası toplantılarda Türkiyəyə müasir hərbi məhsulların təhvil verilməsinin detallı şəkildə müzakirə edilməsini istəyirik” açıqlamasını verib.

Verilən bilgiyə görə, Türkiyə Rusiyadan müdafiə sənayesi əməkdaşlığı çərçivəsində hələ də Suriya və İraqın şimalında davam edən terrorla mübarizədə ehtiyac duyulan silah-sursatların alınmasına üstünlük verəcək. Bundan başqa, piyada avtomatlarının və avtomobillərinin alınması da gündəmdədir.

Rusiya müdafiə sənayesini inkişaf etdirmiş bir ölkə kimi qərb müttəfiqlərinin tətbiq etdiyi silah sanksiyalarına qarşı Türkiyənin güclü bir əməkdaşı kimi diqqət çəkir. Bu ölkədən yeni sistemin alınması isə ancaq uzunmüddətli əməkdaşlığın olması təqdirdə baş tuta bilər. Bunun əsas səbəbi TSQ-nın uzun müddətdir NATO-ya uyğunlaşdırılmış sistemlərdən istifadə etməsidir. Yəni, Rusiyadan alınan silahların NATO-nun istifadə etdiyi silahlarla uyğunlaşdırılması uzun zaman tələb edən prosesdir.

Zümrüd