Bakıda 16 GÜNƏŞİN olduğu məkandan REPORTAJ - FOTOLAR

11 Aprel 2018 13:21 (UTC+04:00)

- Xoş gəlmisiniz! Keçin, amma xahiş edirəm ağlamayın. Bu uşaqlardan çox valideynlərinə pis təsir edə bilər. Nə qədər şən görünməyə çalışsanız, bir o qədər bizə kömək etmiş olarsınız.

Leykemiya ilə mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova bizi təlimatlandırıb, palataya səsləyir. Cəmi bir addım atırıq, divarlarından uğultulu sükut qopan soyuq otağa ayaq basmaq bütün gücümüzü alır. Ağızlarına tibbi maska geyinmiş mələkləri infeksiyadan qorumaq üçün xüsusi gigiyena şərtlərinə əməl etmək vacibdir. Əllərinin üstü dəlik-dəlik olan bu körpələrin bütün ağrı-acıya rəğmən gözləri günəş kimi parlayır. Bəli, bu soyuq xəstəxana divarlarını düz 16 günəş işıqlandırır. Bəziləri davamlı kimyaterapiyadan ipək saçlarından, digərləri iştahından, ən əsası isə təmiz havanı doyunca ciyərlərinə çəkib, yaşıdları ilə qayğısız oyunlara qərq olmaqdan məhrumdurlar. İndi anaları onları evə səsləmir. Mərkəzin palatalarında pambıq içərisində bəslədikləri körpələri ilə ağır imtahan qarşısında səfərbər olublar.

Qəhrəmanımız 5 yaşını xəstəxana divarları arasında tamamlayan Əbəlfəzdir. Anası Leyla xamım deyir ki, övladının narahatılığı 1 aydır ki, özünü göstərib, elə həmin ərəfədə də xəstəxanada müalicəyə başlayıblar.

- Doğuşdan sağlam uşaq olub. İndiyədək sağlamlığı ilə bağlı ciddi problem yaşamamışıq. Öncə sümük ağrıları başladı, belində narahatlıq hiss etdik. Sonra ayağı tutuldu, gəzə bilmədi. Kor bağırsaqdan şübhələndik, amma cərrahlar müayinədən sonra bildirdilər ki, heç bir problem yoxdur. Tədricən boynu və qolu tutuldu. Həkimimiz Rəna xanım bizi qəbul etdi. İndi şükür Allaha, balam yavaş-yavaş sağalır.

- Donor tapmaqda çətinliyiniz olur?

- Sağ olsunlar, qohumlar, dostlar yanımızdadırlar. Gəlib, qan verirlər. Hamı bizə dəstək olur. Bütün gün burada balamla oluram. Ancaq gecələr evə gedirəm, bibisi gəlib, qalır. Çünki evdə bir körpəm də var, ona da baxmalıyam. Hətta bank hesabı açılıb. İstəyənlər pul köçürürlər.

- Əbəlfəzin yeməyində xüsusi pəhrizə əməl edirsiniz?

- Xeyr. Əsas odur ki, konservant olmasın. Belə hər şey yeyə bilər.

- Mənim oğlum da Əbəlfəz yaşdadır. Tezliklə sağalıb, baxçasına geri dönsün. Özü də yanında sizin kimi güclü anası var. Bu günləri tezliklə geridə qoyacaqsınız.

- Gəldiyiniz üçün çox sağ olun. Ümidimiz göydə Allaha, yerdə həkimimizədir.

Əbəlfəz gənc müğənni Elvin Mirzəzadəni çox sevir. Elvin onun görüşünə gələr-gələz boynunu qucaqlayıb, “sənin üçün çox darıxmışdım” deyib, mahnısını oxumağa başlayır. Mərkəzdə olduğumuz müddətdə də onun yanından çəkilmir. Bir uşağı xoşbəxt etmək əslində nə qədər asandır. Elvinlə Əbəlfəzin görüşünü Leykemiya ilə mübarizə İctimai Birliyi təşkil edib. Təşkilatın rəhbəri Mehriban Bağırova bildirir ki, 2011-ci ildən bəri fəaliyyət göstərirlər.

- Birliyimiz artıq öz sözünü demiş qurumdur. Mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə ünsiyyətdə oluruq. Öncə uşaqları siyahıya alırıq. Doğrudur, dövlətimiz uşaqları bütün kimyaterapiya dərmanları ilə təmin edir, amma bəzi preparatlar ailə tərəfindən alınmalıdır. Belə bahalı dərmanların alınmasına da əksər hallarda yardım edirik. 100-ə yaxın könüllümüz var. Onların üzərinə böyük vəzifə düşür. Həm qan, həm dərman, həm də pul axtarırlar. Sərgilər keçiririk, toplanmış vəsaitlə uşaqların dərmanlarını alırıq. Sosial hesablarımızda payaşımlar edirik. Yardım toplayıb, ailələri ərzaqla təmin edirik. Onlara burada ad günləri keçiririk, oyunlar oynayırıq. Bilirsiniz, balacalar bəzən 40 gün mərkəzimizdə yatmalı olurlar. Evlərinə dönəndə də bir müddət küçəyə, məktəbə çıxmağa qadağa qoyulur. Könüllülərimiz evlərə gedib, onların dərslərilə məşğul olurlar. Hətta bu yaxınlarda sağalan uşaqların iştirakı ilə tamaşa qoymuşduq. Gözəl müğənnimiz Elvin Mirzəzadə də çıxış etmişdi. Sağ olsun, bütün tədbirlərimizə qatılır. Amma digər sənətçilərimizdən bir neçə dəfə xahiş etdik ki, gəlib, dəstək olsunlar, səs çıxmadı. Bu insanın ürəyindən asılı olan bir şeydir, məcbur etmək olmur.

- Amma unutmayaq ki, bu bəladan heç bir ailə sığortalanmayıb.

- Əlbəttə, uşağımızın bir az qızdırması yüksəlir, özümüzə yer tapa bilmirik. Bu valideynlərin üzərində o qədər ağır yük var ki, onu tək daşımaq olmaz. Yenə də deyirəm, Allah heç kimə qismət eləməsin, amma mütləq yumruq olmalıyıq. Mən özüm də 11 ildir leykozam. Mütəmadi müalicə alıram. Mənim də bir övladım var. Özümü bu ailələrin yerinə qoyuram. Allah nə qədər ömür veribsə, o qədər də bu körpələrə dayaq olacam.

-Mehriban xanım, bəlkə burdan kimlərəsə səslənmək istəyirsiniz?

- Hamıdan xahiş edirəm, biganə qalmayaq. Leykemiya hər qapını döyə bilər. Evinizdə sağlam uşaq böyüyürsə, heç nədən şikayətlənməyə haqqınız yoxdur. Dövlət öz öhdəsinə düşəni edir, amma tək əldən səs çıxmaz. Cəmiyyət də dövlətin yanında olmalıdır.

Mərkəzdəki balacaların ən yaxın dostu, həkim gemotoloq Rəna Məmmədova deyir ki, xəstəliyə qalib gəlib. əvvəlki həyatına dönən uşaqların da sayı çoxdur.

- Rəna xanım, mərkəzinizdə neçə uşaq var?

- Hazırda 15-16 nəfərdirlər.

-Bu xəstəlik özünü necə büruzə verir? Valideynləri necə təlimatlandıraq?

- Uşağın temperaturu durmadan yüksəlir, halsızlıq olur, dəridə solğunluq müşahidə edilir, iştahdan kəsilir, sümükləri ağrımağa başlayır. Gəzərkən topuğunu yerə basa bilmir.

- Bəs yaş məhdudiyyəti var?

- 20 illik təcrübəmə əsasən deyə bilərəm ki, 2 aylıq körpədən tutmuş, istənilən yaşadək olan uşaqlarda müşahidə edilən xəstəlikdir. Burda gördüyünüz uşaqların çoxu kəskin leykoz, yəni qan xərçəngindən əziyyət çəkirlər.

- Rəna xanım, balalarımızı nədən qorusaq, bu bəlanın qarşısını almış olarıq?

- Stress, qorxu, əsəb, vitaminsizlik və digər səbəblər ola bilər. Amma qan xərçənginin dəqiq mənbəyi hələ ki, tibbə bəlli deyil.

- Müalicə adətən nə qədər davam edir?

- Əslində müalicə müddəti 36-40 gündür, lakin orqanizmin reaksiyasına əsasən kursun müddəti arta və azala bilər. Tutaq ki, hər həftə kimyaterapiya edirik, lakin bəzi uşaqların bu müddətdə halı pisləşə bilər. Bu zaman fasilə vermək məcburiyyətindəyik.

- Ümumiyyətlə, vəziyyət nə dərəcədə ürəkaçandır?

- Uşaqlarımızın çoxu müalicəyə müsbət cavab verir, sağalıb, əvvəlki həyatlarına geri dönürlər. Bir az çətinliyimiz trombosit kütləsini tapmaqda yaranır.

- Bəs donor qanı necə tapırsınız?

- Ailələr donor kimi qohumlarını gətirir, qan uyğun gəlmədiyi təqdirdə üzərindəki çeklə birgə Mərkəzi Qan Bankına yollayıb, əvəzində uşaqlara uyğun gələn qanı alırıq.

- Rəna xanım, bu uşaqların valideynlərinə psixoloji yardım göstərilir?

- Təbii ki...Mərkəzimizdə psixoloq var. Ehtiyac yaranarsa, valideynlərlə iş aparır.

Dözülməz ağrılara tab gətirən bu balaca mələkləri infeksiyalardan qorumaq üçün onlara toxunmağa belə cürət etmədim. Amma yanlarında olduğumuzu hiss etdikləri üçün olduqca ümidli görünürdülər. Əbəlfəz öz qəhrəmanı Elvinlə görüşdü. Əziz məşhurlar, bəs siz kimin qəhrəmanına çevrilmək istərdiniz?

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun