Siyavuş Novruzov: “Bu, ən ağır cinayətlərdəndir”

4 May 2018 13:24 (UTC+04:00)

“Azərbaycandakı ictimai-siyasi vəziyyət ölkəmizi insan alveri qurbanlarının sayının azalması sahəsində nümunəvi dövlətə çevirib”.

Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, Avropa və digər ölkələrdə insan alverinin faizi Azərbaycandan çoxdur: “Onlar bir sıra vasitələrdən istifadə edərək insan alveri qurbanlarını müxtəlif işlərə cəlb edirlər. Miqrasiya etmiş insanları konslagerlərdə saxlayır, çörəyi tikanlı məftillər üzərindən atırlar. Sonra da başqa ölkələrə demokratiya və seçki hüququ baxımdan dərs verməyə çalışırlar. Ölkədə turistlərin sayının artdığı bir vaxtda insan alveri sahəsində də artım olmalı idi. Lakin hüquq mühafizə orqanlarının apardığı işin nəticəsində faiz artmaq əvəzinə azalır. Bu da işin düzgün qurulduğundan xəbər verir. Bizi əhatə edən ölkələr insan alverinin bazasına çevrilir. Hər dəfə batırılan gəmilərdə 10 mindən artıq insan itkin düşür, onların əksəriyyəti uşaqlardır. Dəfələrlə həmin şəxslərin daxili orqanlarının satılması ilə bağlı filmlər göstərilir. Bu, bəşəriyyətdə ən ağır cinayətlərdəndir”.

S.Novruzov Avropada Azərbaycana qarşı çıxış edən bir qrup insanın Azərbaycana ekstradisiya olunmasını və Azərbaycan qanunları ilə cəzalandırılmasını təklif edib.

Gülxar