Bakının müharibə HÜQUQU, Putindən Azərbaycanla bağlı ŞOK İSTƏK… - GÜNÜN SİYASİ XÜLASƏSİ

14 May 2018 20:00 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan görüşüb. Bu gün İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib. İran ABŞ-ın nüvə razılaşmasından çıxışından sonra nüvə sazişinin Avropadakı iştirakçılarından onun saxlanılması üzrə zəmanətləri tələb etmək niyyətindədir. Avropa İttifaqı Krımda seçkilərin keçirilməsiylə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı sərsəm fikirlərinə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun sərt cavabı İrəvanda müharibə qorxusu yaradıb. Zakir Həsənov “düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır”, - deyə bildirib.

Paşinyan mayın 9-da Azərbaycanın işğal edilmiş torpaqlarına səfəri zamanı Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakının vacib olduğunu və buna çalışacaqlarını bəyan edib. Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Paşinyanın Qarabağı tərəf kimi göstərmək istəyi danışıqlar formatını dəyişdirməkdir və bu əslində müharibənin önünü açmaqla nəticələnə bilər.

Zakir Həsənovun bu sözləri Ermənistanı QORXUYA SALDI: müharibəyə GÜNLƏR QALIB

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnatsakyan ölkənin xarici işlər naziri təyin edilib. Bu barədə Ermənistan prezidentinin fərmanında deyilir.

Qeyd edək ki, Zoqrab Mnatsakyan 2008-ci ildən Ermənistan xairi işlər naziri vəzifəsini tutan Edvard Nalbandyanın əvəzinə təyin edilib.

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan Soçidə görüşüb. Görüşün başlanğıcında Putin Rusiyanın Ermənistanı regionda yaxın tərəfdaş və müttəfiq hesab etdiyini vurğulayıb.

O, Paşinyanı baş nazir seçilməsi münasibətilə yenidən təbrik edib.

“Ümid edirəm ki, münasibətlərimiz bundan sonra daha da yaxşı inkişaf edəcək”, - deyə Putin bildirib.

Paşinyan isə qeyd edib ki, heç kim İrəvan və Moskva arasındakı münasibətləri şübhə altına qoymayacaq.

“Ermənistanın və Rusiyanın strateji əməkdaşlığı müzakirə mövzusu deyil”, - deyə o bildirib.

Paşinyan Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Karnegi fondunun Moskva mərkəzinin saytında dərc olunmuş analitik məqalədə deyilir ki, Paşinyan sələfi Sarkisyandan fərqli olaraq Putinin qarşısında bir neçə şərti sərt şəkildə qaldıracaq.

Paşinyanın Putindən Azərbaycanla bağlı ŞOK İSTƏYİ - Bu gün NƏ BAŞ VERƏCƏK?

Biz Ermənistanın məntiqli düşünməyə başlayacağı günü gözləyirik. Bunu britaniyalı jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə Qafqaz və Mərkəzi Asiyada sülhü dəstəkləyir. Bu rəsmdən çıxan yeganə dövlət Ermənistandır. Biz Ermənistanın da məntiqli düşünəcəyi günü gözləyirik”, – deyə o bildirib.

Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqların növbəti mərhələsi başlayıb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Astana prosesi çərçivəsində qarant ölkələrin iştirakı ilə ikitərəfli və üçtərəfli danışıqlar başlayıb”, - XİN-in məlumatında qeyd olunub.

Rusiya Federasiyası, Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya), İran və Çin İranın nüvə proqramı üzrə razılaşmanı dəstəkləyir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Moskvada görüşü öncəsi deyib.

Rusiya, Avropa üçlüyü, İran və Çin… - ABŞ TƏK QALDI

İran ABŞ-ın nüvə razılaşmasından çıxışından sonra nüvə sazişinin Avropadakı iştirakçılarından (Almaniya, Fransa, Böyük Britaniya - red.) onun saxlanılması üzrə zəmanətləri tələb etmək niyyətindədir. Bu haqda İranın xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

Onun sözlərinə görə, İranın maraqlarının müdafiəsi və ABŞ-ın sazişdən çıxışına görə vurulmuş zərərlərin kompensasiyası üzrə lazımı zəmanətlərin verilməsi üçün Avropa ölkələrinin 45-60 gün vaxtı var. İranlı diplomat qeyd edib ki, sazişin Avropa iştirakçıları tələb edilən zəmanətləri sözügedən müddətdə verməsələr, İran məcburi qərarları qəbul etməli olacaq.

Qeyd edək ki, aprelin 8-də ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib.

İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ nüvə razılaşmasını tərk edərsə, onu ciddi nəticələr gözləyir.

“ABŞ son addımı ilə həllin deyil, problemin bir parçası olmağı seçərək, Yaxın Şərq sülh prosesində vasitəçilik rolunu itirmişdir”. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsini şərh edərkən deyib.

“Beynəlxalq hüququ tapdalayan, BMT-nin qərarlarına zidd bu qərarı bir daha rədd edirik. Beynəlxalq cəmiyyət üzərinə düşən addımları ataraq, İsrailin artan təcavüzkarlığına son qoymaq üçün hərəkətə keçməlidir”, - o deyib.

Hazırda İsrail Suriya torpaqlarına 50-ə yaxın raket zərbəsi endirib, bu nə deməkdir? Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın BBC telekanalında yayımlanan “Hard Talk” proqramında çıxışı zamanı deyib.

“Bu, bölgədə savaş təhrikidir. İsrail onsuz da bu bölgədə mütəmadi olaraq terrora əl atır. İndi atılan bu addım da yenə terror tipli bir addımdır. Bunları anlayışla qarşılamaq mümkün deyil. Niyə bu raketlər atılır, nə edilmək istənir?” - Ərdoğan bildirib.

Bu gün İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. ABŞ dövlət başçısı Donald Tramp açılışda iştirak etməsə də, video görüntü ilə təbriklərini çatdırıb.

Onun sözlərinə görə, ABŞ-ın diplomatic missiyasının Qüdsə köçürülməsi onun yəhudi dövlətinin paytaxtı olduğunu bildirəcək. Mərasimdə isə prezidenti qızı İvanka Tramp, kürəkəni Cared Kuşner, ABŞ-ın naliyyə naziri Stiven Mnuçin və dövlət katibinin köməkçisi Con Sullivan, həmçinin İsrailin baş naziri və prezidenti iştirak edirlər.

ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.

İsrail ordusu HƏRƏKƏTƏ KEÇDİ: 59 ölü, 2410 yaralı - VİDEO (YENİLƏNİR)

İndoneziyada iki gün ərzində dördüncü partlayış törədilib. Sonuncu partlayış Surabay şəhərində polis bölməsinin yaxınlığında baş verib.

İndoneziyanın ikinci böyük şəhərində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub. Bir neçə polis yaralanıb.

Xatırladaq ki, dünən Surabayda üç terror aktı nəticəsində 11 nəfər həlak olub, daha 40-ı zərər çəkib. Birinci partlayış Müqəddəs Mariya katolik kilsəsinin yaxınlığında, ikincisi Diponeqoro küçəsində protestant kilsəsində, üçüncüsü isə Ardjuno küçəsində yerləşən kilsədə törədilib.

Hücumları bir ailənin altı üzvü – ata, ana, 16 və 18 yaşlarında iki oğlu, həmçinin 9 və 12 yaşlarlında iki qızı edib. Polisin məlumatına görə, bütün ailə İŞİD-lə bağlı olan “Cemaa Anşarut Daula” yerli terror təşkilatı üzvlərdir.

Avropa İttifaqı Krımda seçkilərin keçirilməsiylə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu haqda Avropadakı diplomatik mənbə bildirib.

Sanksiyalar siyahısına 5 fiziki şəxs əlavə edilib.

“Avropa İttifaqı Şurası Krımda Rusiya prezident seçkilərinin keçirilməsiylə əlaqədar beş fiziki şəxs barəsində əlavə məhdudlaşdırıcı ölçüləri bəyənib”, - o deyib.

Mənbə təfərrüatları dəqiqləşdirməyib.

Ömər Dağlı