Bakıda neft sektorunda istifadə edilən ən son texnologiyalar nümayiş edilir

29 May 2018 14:30 (UTC+04:00)

Bakıda Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisi başlayıb.

25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edən Sumqayıt Texnologiyalar Parkı MMC-dən Publika.az-a verilən məlumata görə, sərgidə ziyarətçilərə və iştirakçılara stenddə quraşdırılmış monitorlar vasitəsilə texnoparkın tərkibində fəaliyyət göstərən 12 zavod və 30-dan artıq istehsal sahəsində ən son texnologiyaların tətbiqi ilə neft-qaz sektoru üçün istehsal olunan məhsullar və xidmətlər haqqında videoçarx təqdim edilir.

İyunun 1-nə qədər davam edəcək sərgidə STP öz geniş çeşidli portfelini nümayiş etdirir. Sərgidə STP 90 kv.m-ə yaxın sahədə məhsullarının keyfiyyətini istehlakçılara bir daha xatırladır, yeni biznes əlaqələri və təcrübə imkanları qurmağa imkanı yaradır.

Onu da qeyd edək ki, ziyarətçilər STP-nin məhsulları ilə tanış olmaqla yanaşı, istehsalat barədə müxtəlif təşviqat materialları da əldə edir. Həmçinin təşkil olunan müsabiqələrdə iştirak edərək, müxtəlif hədiyyələr qazana bilirlər.