Löv: “Qrupdan çıxmağa layiq deyildik”

27 İyun 2018 23:32 (UTC+04:00)

“Nəsə danışmaq, nə baş verdiyini izah etmək çox çətindir. Çox məyusam. Onu deyə bilərəm ki, komanda olaraq qrupdan çıxmağa layiq deyildik”.

Bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.

DÇ-2018-in qrup mərhələsində 3-cü tur çərçivəsində Cənubi Koreya ilə qarşılaşan “bundestim” 0:2 hesablı məğlubiyyətə üzülüb. Bu nəticə ilə qrupda qalan və mundialla vidalaşan Almaniyanın baş məşqçisi matçdan sonra fikirlərini bölüşüb: “Yaxşı hazırlaşmışdıq, motivasiyamız yüksək idi, amma bacardığımız kimi oynaya bilmədik. Dünyanın ən yaxşı komandalarından biri idik, ancaq indi heç nə alınmadı”.

O, vəzifəsindən gedəcəyi ilə bağlı suala isə belə cavab verib: “Özümə gəlmək üçün bir neçə saata ehtiyacım var. Oyunçularımın da həmçinin. Gələcəyim haqqında daha sonra düşünərik. İndi heç nə deyə bilmərəm”. (Apasport.az)