Bu görüntülər azərbaycanlıların narazılığına səbəb oldu - VİDEO

7 İyul 2018 20:54 (UTC+04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin administrasiyasının hazırladığı video-çarx böyük narazılığa səbəb olub.

Publika.az APA-ya istinadən xəbər verir ki, video-çarxda Kvemo Kartli bölgəsinin təbiəti, tarixi və dini abidələri, mədəniyyəti yer alıb.

Bölgə administrasiyasının rəsmi Feysbuk səhifəsində yerləşdirilmiş video-çarx qısa vaxt ərzində yerli azərbaycanlılar tərəfindən aktiv olaraq şərh olunub. Şərhlərdə video-çarxda Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlılara məxsus dini abidə və mədəniyyət nümunələrinin əks olunmamasından narazılıqlar ifadə olunub.

Kvemo Kartli administrasiyasından isə video-çarxın qurumda mövcud olan materiallar əsasında hazırlandığı bildirilib. Dövlət qurumu gələcəkdə hazırlanacaq bu cür video-çarxlarda bölgənin müxtəlifliyinin nəzərə alınacağını qeyd edib.

Məsələyə tanınmış gürcü hüquq müdafiəçisi Tamta Mikeladze də münasibət bildirib. O, Feysbuk səhifəsində Kvemo Kartli administrasiyasının hazırladığı video-çarxın bölgədə artmaqda olan mədəni assimilyasiya siyasətinin yaxşı göstəricisi olduğunu qeyd edib: “Bölgənin çoxmillətli və çoxdinli müxtəlifliyi haqqında hazırlanmış video-çarxda dini və etnik müxtəlifliyi necə göstərməmək olar? Son illər dominantlıq edən kilsənin güclənməsi aydın görünür. Azərbaycanlıların yaşadığı kəndlərdə xaçlar quraşdırılır, kəndlərin və bayramların adı gürcüləşdirilir”.