“Qarabağ”ın rəqibi Ukrayna çempionu “Şaxtyor” oldu

13 İyun 2014 20:27 (UTC+04:00)

“Qarabağ”ın Avstriyada keçirəcəyi təlim-məşq toplanışı zamanı yoxlama oyunlarında qarşılaşacağı rəqiblərindən ikisinin adı məlumdu. Ağdamlılar iyunun 23-də Ukrayna çempionu Donetsk “Şaxtyor”u ilə üz-üzə gələcək.

Bundan 5 gün sonra – iyunun 28-də isə Qurban Qurbanovun komandası Rusiya “Kuban”ı ilə qüvvəsini sınayacaq.

Ümumilikdə, Azərbaycan Premyer Liqasının son çempionu təlim-məşq toplanışında 5 yoxlama görüşü keçirəcək. Digər 3 komandanın adına isə qarşıdakı günlərdə aydınlıq gələcək.