"Star" uzaqvuran artilleriyadır - ŞƏRH

22 Oktyabr 2018 16:08 (UTC+04:00)

“Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal olunacaq. Bu, qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir".

Bu sözləri Publika.az-a ekspert Pərviz Heydərov oktyabrın 19-da İzmir şəhərində açılan “Star” neft emalı zavodunun gələcək perspektivlərindən danışarkən deyib.

O bildirib ki, bu layihə ətrafında uzun illərdir müzakirələr gedir:

"Ötən həftə açılışı olan bu layihənin kökü uzun illər davam edən prosesə dayanır. Belə ki, “Star” zavodunun təməli 7 il bundan qabaq, 2011-ci ildə qoyulub. Zavod İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilib. 10 il əvvəl – 2008-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə neft-kimya sənayesinin nəhəngi sayılan “Petkim” şirkətinin səhm nəzarət paketini özəlləşdirilmə yolu ilə alıb. Bu vaxta qədər “Petkim”ə 100 milyonlarla dollar əlavə sərmayə yatırılıb. SOCAR dövlət şirkətidir. Xaricdə investisiya yatırımı istər dövlət olsun, istər özəl şirkət tərəfindən olsun, ilk növbədə gəlir əldə etmək və onu genişləndirmək məqsədi daşıyır. Yəni əsas hədəf budur. "Star"a qədər isə nə özəl, nə də dövlət şirkətimiz ölkədən kənarda 6,3 milyard dollar məbləğində iş görüb".

Pərviz Heydərov onu da əlavə edib ki, “Star” neft emalı zavodunun fəaliyyəti hər iki tərəf üçün böyük xeyir verəcək:

"Türkiyə bu zavodun işə düşməsiylə bir sıra mühüm enerji daşıyıcıları məhsullarının idxalından qurtulacaq. Elə SOCAR-ın səhm nəzarət paketinə sahib olduğu “Petkim”in əsas xammal tələbi olan nafta da burada istehsal olunacaq ki, adıçəkilən məhsulu kənardan gətirmək zərurəti xeyli azalacaq. Zavodda 5 milyon ton dizel yanacağı istehsal etmək imkanı olacaq. Nəticədə dizel sarıdan Türkiyəyə idxalın həcmi 40%-ə qədər düşəcək. Həmçinin mayeləşdirilmiş qaz, ildə 1,6 milyon ton təyyarə yanacağı da istehsal olunacaq. Beləcə Türkiyənin tələbatını tam ödəyəcək. Ümumiyyətlə, “Star” neftin qiymətindən asılı olaraq ildə 6-8 milyard ABŞ dolları məbləğində ticarət formalaşdıracaq. Ölkəmizə gəldikdə isə, birincisi, xaricə ixrac etdiyimiz neftimizin bir hissəsi üçün stabil alış yeri qazanacağıq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal olunacaq. Bu, qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir. İkincisi, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir əldə olunacaq və bu sahədə qardaş ölkənin daxili bazarında söz sahibi olacağıq. Üçüncüsü, SOCAR-ın istənilən halda gəlirləri artacaq ki, bu da ölkəmizin dövlət büdcəsinə ödəmələri genişləndirəcək. Ümumiyyətlə, Türkiyə tərəfinin neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaətə nail olacağı bilavasitə SOCAR-ın gəlirinin artması ilə müşahidə olunacaq. Ümumiyyətlə, "Star" uzaqvuran artileriya xarakteri daşıyan bir layihədir və bunu yaxın gələcək daha parlaq göstərəcək. Türkiyə regionda böyük və mühüm bazardır. Azərbaycanın burada söz sahibinə çevrilməsi strateji baxımdan böyük əhəmiyyət daşıyır. Unutmayaq ki, söhbət, enerjidaşıyıcıları bazarından gedir. Sözün qısası, ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait yatırılaraq, ilk nəhəng emal müəssisəsinin bilavasitə Türkiyədə yaradılması heç də təsadüfi deyil".

Könül Cəfərli