Şəhid ailələri ilə bağlı MÜHÜM TƏKLİF: hər il...

13 Noyabr 2018 17:52 (UTC+04:00)

“Müəyyən sosial təbəqə var ki, onların problemlərinə həssas yanaşmalıyıq. Həmin qruplardan biri də şəhid ailələridir”.

Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə 2019-cu il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Şəhid ailələrinə verilən birdəfəlik yardımdan danışan millət vəkili bunun davamlı olmasının vacibliyinə diqqət çəkib:

“Şəhid ailələri üçün ayrılan 11 min manat məbləğində birdəfəlik yardımı əvvəllər alıb-almamasından asılı olmayaraq, hər kəsə verilməlidir. Bu gün 96 şəhid ailəsi mənə müraciət edərək problemlərini hökumətə çatdırmağımı istədi. Hesab edirəm ki, hər il dövlət büdcəsində min-iki min manat məbləğində vəsaiti şəhid ailələrinə yardım edilməsi üçün ayıra bilərik. Bununla yanaşı, şəhid ailələrinin və məcburi köçkünlərin mənzillə təminatı da vacib məsələdir. Gələn il 114 idman obyektinin tikintisinə 244.4 milyon manat vəsait ayrılıb. Büdcədən vəsait ayırarkən hansı tikintinin daha vacib olduğunu nəzərə almalıyıq. Şəhid ailələri və məcburi köçkünlərin mənzil təminatı üçün ayrılan vəsaitin iki-üç dəfə artırılmasına ehtiyac var”.

Millət vəkili həmçinin pensiyaların artımına da toxunub:

“Gələn il pensiyalar 241 manata, orta aylıq əmək haqqı 641 manata çatdırılacaq. Hesab edirəm ki, pensiya orta aylıq əmək haqqında yaxın olmalıdır. Ötən il mən bu rəqəmin 80 faizə çatdırılmasını təklif etmişdim. Maliyyə naziri Samir Şərifov dünyada ən yaxşı halda 60 faiz olduğunu bildirdi. Ən azı bu rəqəmə yaxınlaşdıra bilərik”.

Gülxar