"Azərbaycan-İran münasibətlərinin pozulmasını istəyənlər var" - RƏSMİ

17 Dekabr 2018 01:20 (UTC+04:00)

İran və Azərbaycan arasında bütün sahələr üzrə intensiv əlaqələr mövcuddur.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu fikri İranın informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Azərbaycana etdiyi səfərin yekunları haqqında danışarkən söyləyib.

Nazir bildirib ki, hər iki ölkənin təhlükəsizlik xidmətləri beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizədə informasiya mübadiləsi aparır. Qonşu və dost olan Azərbaycan ilə təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılır.

Azərbaycanda keçirdiyi görüşlərin uğurlu olduğunu bildirən S.M.Ələvi qeyd edib ki, hər iki xalqın tarixi, dini və mədəni ortaqlığının mövcudluğu təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmağı tələb edir: “İran ilə Azərbaycanın yaxşı münasibətləri bəzi dairələr tərəfindən yaxşı qarşılanmır. Münasibətlərin pozulmasını istəyən və bundan öz mənafeləri üçün yararlanmağa çalışanlar da var. Lakin hər iki dövlətin münasibətləri qarşılıqlı etimada əsaslanır”.