Jurnalistlərimiz Berlində: ən təhlükəli mövzu... – FOTO

17 Dekabr 2018 21:38 (UTC+04:00)

Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və Almaniyanın İDEM şirkətinin birgə layihəsi olan Berlin Təhsil Turu çərçivəsində azərbaycanlı jurnalistlər Berlinin “Berliner Tsaytunq” və “Berliner Kurier” qəzetlərinin redaksiyasının qonağı olub.

Axar.az xəbər verir ki, görüşdə jurnalistlər Berlinin ilk gündəlik qəzeti olan “Berliner Tsaytunq”un səhər planlaşdırmasında iştirak ediblər.

Qəzet əməkdaşlarının sözlərinə görə, “Berliner Tsaytunq” hər gün 60 min tirajla çap olunur, aylıq abunəçilərinin sayı isə 21 mindən çoxdur:

“Gənclər qəzet alıb oxumağa o qədər də maraqlı deyil. Onları daha çox bizim onlayn versiyamız maraqlandırır. Bu səbəbdən biz onlayn və qəzet versiyalarımızın müstəqil inkişafına, Skandinaviya modelindən istifadə etməyə çalışırıq. Qəzet oxucularımızın böyük əksəriyyəti yaşı 65-dən yuxarı olan vətəndaşlardır”.

“Berliner Tsaytunq” və “Berliner Kurier” müstəqil fəaliyyət göstərən nəşrlərdir, onların yeganə gəliri reklam və satışdan qazanılan vəsaitdir.

Jurnalistlərin sözlərinə görə, çalışanların maaşı, bütün redaksiya xərcləri üç mənbə ilə ödənilir: reklam gəlirləri, abunə və pərakəndə qəzet satışının hesabına.

Qəzetlərin qiyməti 1.5 avrodur, aylıq abunə haqqı isə 43 avro təşkil edir.

Qəzetin araşdırmaçısı Qabriela Fallerin sözlərinə görə, Berlində ən problemli və təhlükəli mövzu daşınmaz əmlak bazarı və çirkli pulların yuyulması ilə bağlı məsələlərdir:

"Təhlükəli“ dedikdə jurnalistin fiziki təzyiqlərə məruz qaldığını nəzərdə tutmuram. Bu sahədə yazılan məlumatlara görə çoxsaylı məhkəmə çəkişmələri olur və bəzən qəzet haqlı olsa da, məhkəmədə məğlub olur”.

Qabrielanın sözlərinə görə, onun da başına belə bir hadisə gəlib:

“Rus oliqarx alman ortaqlarının vasitəçiliyi ilə böyük bir ərazi satın almışdı. Bu məsələni araşdırıb işıqlandırdıqdan sonra onlar bizim qəzeti məhkəməyə verdi. Berlindəki məhkəməni udduq. O zaman qarşı tərəf bizi Hamburqda məhkəməyə verdi. Hamburqdakı məhkəməni isə udmaq mümkün olmadı”.