Baş nazirin müavini: "Azərbaycan əhalisinin 46 faizi..."

21 Dekabr 2018 11:16 (UTC+04:00)

“Bu gün Azərbaycan cəmiyyəti gənclərdən təşkil olunub. 30 yaşa qədər əhalinin sayı 4,6 milyon nəfərdir. Bu isə ölkə əhalisinin 46 faizini təşkil edir. Tələbə yaşında, yəni 24 yaşadək olan gənclərin ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə üçdə birini təşkil edir. Demək, bizim cəmiyyətimiz gəncdir”.

Publika.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib.

Ə.Əhmədov bildirib ki, gənclərə yönələn siyasət Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir.

Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır: "Gənclərin daha yaxşı təhsil alması Azərbaycanın gələcəyinin daha etibarlı şəkildə qurması üçün ən mühüm amillərindəndir. Azərbaycan hökuməti bütün potensialını gənclərin daha yaxşı təhsil almasına yönəldib. Bizim üçün əsas prioritet gənclərin sağlam olmasıdır. İkinci prioritet gənclərin daha yaxşı təhsil ala bilməsidir. Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır. Siz dünyəvi bilikləri mənimsəməklə həm öz arzularınızı reallaşdırır, həm də cəmiyyətin ən mühüm fundamental amilini formalaşdırmış olursunuz".

Ə.Əhmədov bildirib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır: "Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdırlar. Tələbələrimiz Azərbaycanı dünyada təbliğ etməli, ölkəmizə qarşı çirkli təbliğata qarşı olmalıdır. Bu gün Azərbaycanda layiqli gənclər yetişir. Azərbaycanın gələcəyi siz gənclərin əlində olacaq. Biz sizdən böyük ümidlər gözləyirik. Sizin mübarizliyiniz üzərində gələcək Azərbaycan daha da güclü olacaq".