Tramp demokratları HƏDƏLƏDİ: Dediyim olmasa, bu gün…

21 Dekabr 2018 17:04 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp demokratları Meksika ilə divarın inşasına pul ayrılmasına səs verməyəcəkləri halda, hökumətin işini dayandıracağı ilə təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu haqda tvitter səhifəsində yazıb.

“Əgər demokratlar sərhəd təhlükəsizliyi üçün səs verməsələr, hökumət bu gün fəaliyyətini dayandıracaq”, - Ağ Evin başçısı qeyd edib.

Qeyd edək ki, qanunsuz immiqrasiyanın qarşısının alınması üçün Meksika ilə sərhəddə divarın tikintisi Trampın əsas seçkiqabağı vədlərindən biri idi. Sözügedən qanun layihəsi də Meksika ilə sərhəddə divar tikintisini nəzərdə tutur. Tramp Meksikadan ABŞ-a qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün bu divarın tikilməsini vacib sayır və seçki kampaniyasında da sərhəd nəzarətini gücləndirəcəyini vəd edib. Tramp Meksika ilə sərhəddə divar tikilməsi barədə fərmanı hələ andiçmə mərasimindən 5 gün sonra imzalayıb. Ancaq Konqres indiyə qədər sərhəddə divarın tikintisi üçün lazımi vəsaitin ayrılmasını dəstəkləməyib.

Prezident hesab edir ki, 12 milyona qədər qeyri-qanuni miqrant "cinayətkar"dır və onları aşkarlayaraq deportasiya etmək lazımdır. Eyni zamanda, həmin miqrantları cəmiyyət və ölkənin milli təhlükəsizliyi üçün risk sayır.

Ömər Dağlı