"Bu yazılar Azərbaycanın iradəsini qırmaq istəyən qüvvələrin sifarişidir” - ŞƏRH

22 Dekabr 2018 09:33 (UTC+04:00)

“Azərbaycana qarşı obyektivlikdən kənar, həqiqətə uyğun olmayan materiallar zaman-zaman “The Guardian” nəşrində əksini tapır. Bu materiallar Azərbaycan vətəndaşlarının, ölkəmizin “ədalət” mücəssəməsi hesab olunan Qərbə qarşı mənfi münasibətinin formalaşmasına səbəb olur”.

Bu sözləri Publika.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı verilmiş iftira və böhtan xarakterli məqaləyə münasibət bildirərkən deyib.

Baş redaktor vurğulayıb ki, bu cür yazılar adətən, Dağlıq Qarabağ məsələsi gündəmdə olanda meydana çıxır:

“Münaqişənin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllini tələb edən iqtidara qarşı bu cür təzyiq metodlarından istifadə edirlər. Onlar hər zaman Azərbaycan cəmiyyətinin ölkəni müstəqil idarə edən hakimiyyətə qarşı mənfi fikir formalaşdırmağa çalışırlar. Ona görə də bu cür yazılar qəzet səhifələrində əks olunur. Bu cür yazıları sifariş edənlər Avropada müxtəlif siyasi mərkəzlərdə çalışan erməni diasporunun fəaliyyəti nəticəsində üzə çıxır. Həmin yazılar müəyyən yollarla Azərbaycanın iradəsini qırmaq, öz istədikləri istiqamətdə fəaliyyətini tənzimləmək istəyən qüvvələrin sifarişidir”.

A.Aşırlı bildirib ki, bu cür yazılara qarşı biz də həssas olmalıyıq, xaricdəki diasporamız, Azərbaycanın fəal ziyalıları, səfirlər mübarizə aparmalıdır:

“Həmin qəzetlərdə Azıərbaycanın dövlət, milli maraqları və həqiqətləri əks etdirən materialların yerləşdirilməsinə çalışmalıyıq. Nəzəri baxımdan da öyrənmişik ki, qərb mediası hər zaman tərəflərin fikirlərinə hörmətlə yanaşmağı qarşıya məqsəd qoyur və qəzet məqalələrində qarşı tərəfin fikri də əksini tapmalıdır. Bu baxımdan düşünürəm ki, bu məqalələrə qarşı biz də həssas olmalıyıq. Çünki Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır və həm də qarşıda bizi ölkəmizin ərazi bütövlüyü istiqamətində daha böyük işlərə sövq edən addımlar atmaq kimi ciddi bir dövr gözləyir. Buna görə də informasiya siyasətinə yenidən baxıb, daha çox xaricə yönəlməliyik. Bu siyasətdə Azərbaycana qarşı olan hədəfləri nişan almalıyıq”.