Xüsusi xidmət orqanları cinayətkar dəstənin izinə düşdülər

25 Dekabr 2018 20:39 (UTC+04:00)

Qürbətdə tənhalıqdan kədərli nə ola bilər? Bəşəriyyətin bütün dövrlərində bir çox xalqlar mürəkkəb fəlsəfi, siyasi və psixoloji təlatümlərdən doğan tarix burulğanlarına düşüb ki, bunlar bütöv bir sinifləri o qədər də asan olmayan seçim qarşısında qoyurdu – emiqrasiya. İnsan taleyi nöqteyi-nəzərindən vətən, sevdiklərin və ata evindən ayrı düşməkdən daha qorxulu, kədərli və qorxunc nə ola bilər?!

Fikrimcə, emiqrantın taleyi Mixail Afanasyeviç Bulqakovun “Qaçış” pyesində qələmə alındığı kimi heç vaxt uğurla təsvir olunmayıb. Vətəndaş müharibəsindən sonra rus emiqrantının param-parça olmuş həyatını daha gözəl, parlaq və rəngarəng necə təsvir etmək olardı ki?! Azərbaycan ədibləri də emiqrasiya həyatını diqqətdən kənarda saxlamayıblar.

Tarixin fırtınası ilə Avropanın mərkəzinə - Parisə sovrulmuş müsavatçı xadim Yusif Vəzir Çəmənzəminlinin avtobioqrafik povesti öz baxış və ideologiyasına görə bolşevik ordusunun hücumu ərəfəsində qaçmağa məcbur olmuş bütöv bir nəslin faciəsini açır. Bəs sonra, həqiqət anı çatanda – aşkar reallıq dərk ediləndə nə baş verir?! Məyusluq və sıfırdan yeni həyata başlamaq cəhdlərinin və səylərinin əbəsliyinin dərki baş verir.

“Qaçış”ın ekranlaşdırılması

Aldanmış nəslin bir çox digər nümayəndələri kimi gənc müsavatçı cənnət məkanda “uydurulmuş xoşbəxtlik” sınağına tab gətirməyərək, cəhənnəm reallığının dərkindən sonra vətənə qayıdır. Özgələr arasında özününkü olmaq çətindir...

Bir əsr ərzində ikinci dəfə azərbaycanlıların daha bir aldanmış nəslinin bir hissəsi vətəndəki çətinliklərlə vidalaşmaq sevdasından qurtula bilməyərək Səma mannası arxasınca yollandı. Dəmir pərdənin süqutundan sonra hamıya elə gəlirdi ki, Böyük səddin o tayında özünü tapmaq, asan xoşbəxtlik meyvəsinı çatmaq mümkündür, çünki orada, divarın o tayında bol nemətlər göydən tökülür. Düşüncəsiz emiqrasiya, keçmişini silib ölkəni unutmaq və başqa insan kimi doğulmaq arzusu yüz minlərlə insanı ağuşuna aldı.

Lakin bu yaxınlarda Azərbaycanda emiqrantların daha bir təbəqəsi peyda olub. Onilliklər boyu çoxları belə bir stereotipə inanıb ki, hakimiyyət dəyişikliyi ümumi xilasa və hamı üçün rifahın bərqərar olmasına gətirib çıxaracaq. Minlərlə insan stereotiplərin boyunduruğunda qaldı. İllər keçir, hakimiyyət dəyişmir, minlərlə insanın inandığı liderlər dəyərdən düşür, marginallara və yalquzaqlara çevrilirdilər. Ümidlər reallığın sərt qayasına tuş gəldilər, apatiya və depressiya başladı. Yalnız öz həqiqətlərinə inanan və onları qəbul edən siyasi fəallar onlar üçün qorxulu olan dəhşətli reallıqdan qaçmaqdan başqa heç nə fikirləşib tapa bilmədilər. Yenə də yeni illüziyalar axtarışında...

Minlərlə insan üçün ölkədən getmək yeganə nicat yolu kimi görünürdü. İzlənən və hüquqları pozulan olmaqdan gözəl seçim isə yox idi. Ələlxüsus da ona görə ki, Avropa ana ümumbəşər xoşbəxtliyi uğrunda mübarizlərə xoş yanaşır.

Uzun illər ərzində biz minlərlə adamın işlərində saxtakarlıqlardan yazmışıq. Ölkədə bu cür işlərin saxtalaşdırılması ilə pul qazanan əməlli-başlı işbazlar təbəqəsi peyda olub. Yalançı müxaliflərə hakimiyyət tərəfindən izlənmələri və hədə-qorxu almaları haqqında “düzgün arayışlar” verməyə, bəzən isə satmağa başladılar. Bu “sənət” əsl biznesə çevrildi.

Bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Avropaya emiqrasiya üçün “siyasi arayışlar” verən növbəti şəbəkəni ifşa ediblər. Xüsusi xidmət orqanları 63 yaşlı Bakı sakini Mübariz Vəli oğlu Yusibovu və 53 yaşlı Firudin Məmmədəli oğlu Mustafayevi saxlayıblar.

Mübariz Yusibov

Saxlanılmış şəxslər uzun illər ərzində Avropa ölkələrində yaşayış hüququ almaq istəyənlər üçün cinayət işlərinin siyasi xarakteri haqqında məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarını saxtalaşdırıblar. Bu işbazların əli ilə onlarla, hətta yüzlərlə insan Qərbdə hakimiyyət tərəfindən izlənilən və həyatları təhlükədə olan şəxslər kimi sığınacaq alıblar!

Axtarış vaxtı Mübariz Yusibovun mənzilindən icra hakimiyyətindəki yüksək vəzifəli şəxslərin saxta imza nümunələri (faksimile), saxta möhürlər, blanklar, dövlət idarələrinin rekvizitləri aşkarlanıb. Həmin bu blanklarda Yusibov və onun əlaltıları mövcud olmayan qərarları çap edir və onları hüquq-mühafiz orqanlarının saxta imzaları ilə təsdiqləyirdilər. Cinayətkarlar polisə və məhkəmələrə çağırış vərəqələrini belə saxtalaşdırmağı bacarıblar. Yalançı hakimlərin texnologiyası istənilən fantaziyanı üstələyir – götürülmüş sənədlərin arasında hətta xüsusi əşyayi-dəlillər var ki, bunlar üzrə “ittiham aktları” yazılırmış.

İstintaq tədbirlərinin gedişində müəyyən edilib ki, “Get Contact” mobil proqramının istifadəçilərinin kontaktlarında Mübariz Yusibov vətəndaşların emiqrasiyasına yardım edən şəxs kimi göstərilib. Bilmirsən güləsən, ya ağlayasan!..

Firudin Mustafayev

O ki qaldı bu səs-küylü işin ikinci fiqurantına, el arasında “kor Firudin” kimi tanınan Firidun Mustafayev digər cinayətkara sənədlərin notarial qaydada təsdiqini saxtalaşdırmaqda kömək edirmiş! İttiham olunanlar Cinayət Məcəlləsinin 320-ci maddəsi (rəsmi sənədlərin saxtalaşdırılması) üzrə cinayət məsuliyyətinə cəlb ediliblər.

Yusibovla Mustafayevin saxtalaşdırma sisteminin köməyi ilə neçə müxalifətçinin ölkədən getməsini və dünya tərəfindən tanınmasını yalnız təxmin etmək olar. Şübhəsiz ki, Köhnə Dünyada da diqqət yetiriləcək bu əsas suala istintaq ən qısa zamanda aydınlıq gətirəcək. Saxtakarların hesabına neçə yalançı əzabkeş Avropaya sığınıb?! Əsas sual budur!.. (Virtualaz.org)