Bu metro stansiyalarında konsert olacaq

28 Dekabr 2018 10:32 (UTC+04:00)

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində konsert proqramı təqdim ediləcək.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni”ndən məlumat verilib.

Məlumatda bildirilir ki, konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqlarının bayram ovqatını yüksəltməkdir.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.

Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

– “İçərişəhər” stansiyası – 11:00 - 12:30

– “Sahil” stansiyası – 12:00 - 13:30

– “28 May” stansiyası – 13:00 - 14:30

– ”Elmlər Akademiyası” stansiyası – 14:00 -15:30