Dənizkənarı Milli Parkda bayram konserti keçirildi - FOTOLAR

29 Dekabr 2018 23:51 (UTC+04:00)

Dənizkənarı Bulvar İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində yeni layihəyə start verib.

Dənizkənarı Bulvar İdarəsindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Televiziyası ilə birlikdə həyata keçirilən layihə çərçivəsində ilk konsert bu gün baş tutub. Kukla teatrının arxasında yerləşən meydanda “Yeni il gəlir” adlı bayram proqramı təqdim olunub. Tədbirdə Azərbaycan Televiziyasının solistləri, estrada müğənniləri çıxış ediblər.

Konsertin məhz dekabrın 29-da keçirilməsi təsadüfi deyil. Dekabrın 29-u Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür. Layihə il ərzində davam edəcək.

Əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsertlər təşkil olunacaq.

Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.