İcra Hakimiyyətindən XƏBƏRDARLIQ - Ağaclar təhlükəli ola bilər

16 Yanvar 2019 17:16 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləklə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qərargah yaradılıb. Qərargah yanvarın 17-də və 18-də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

O.Məmmədov qeyd edib ki, yanvarın 17 və 18-də güclü külək müşahidə olunacağından vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir. Belə ki, bir çox hallarda sürücülər avtomobilləri məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:

"Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur".