Brexit Avstriyaya ildə 250-300 milyon avroya başa gələcək

11 Fevral 2019 07:00 (UTC+04:00)

Brexit yaxın illərdə Avstriya büdcəsinə illik 250-300 milyon avroya başa gələcək.

Publika.az xəbər verir ki, bunu Avstriya Ali Araşdırmalar İnstitutunun rəhbəri Martin Koxer Avstriya teleradiosuna müsahibəsində deyib. O, Böyük Britaniyanın Avropa İttifaqından razılaşdırılmış saziş olmadan çıxacağını gözləmədiyini bildirib. “Sərt” Brexitin bütün iştirakçılar üçün ən ağır ssenari olduğunu vurğulayan iqtisadçı martın sonunadək rəsmi Londonun bu istiqamətdə həlledici qərar verməli olduğunu söyləyib.

M.Koxer, həmçinin qeyd edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması nəticəsində Aİ büdcəsində maliyyə boşluğu yaranacaq. Büdcəyə 2016-cı ildə 12,76 milyard avro vəsait köçürən Böyük Britaniyanın qurumu tərk etməsindən sonra çatışmayan vəsaitlərin bir hissəsi müxtəlif qənaət proqramları ilə kompensasiya ediləcək, digər hissəsi isə üzv ölkələr arasında bölüşdürüləcək. Hazırda büdcəyə illik təxminən 2,7 milyard avro ödəyən Avstriyanın əlavə 250-300 milyon avro köçürməsi də lazım gələcək.