SON DƏQİQƏ - Hindistanla Pakistan arasında növbəti TOQQUŞMA: Dünyanın qorxduğu ssenari reallaşır

4 Mart 2019 11:19 (UTC+04:00)

Hindistan və Pakistan hərbçiləri bazar ertəsi Kəşmir regionunda bir-birinin mövqelərini atəş tutublar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Hindistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik-leytenant Devender Anand bildirib.

“Bu gün səhər saat 3 radələrində Pakistan ordusu heç bir səbəbsiz Aknur sektoru üzrə atəşin dayandırılması rejimini pozdu. Bizim hərbçilərimiz cavab atəşi açdı. Atışma təxminən 06:30-da başa çatdı”, - o dəqiqləşdirib.

Qurbanlar və zərərçəkənlər haqqında məlumat verilməyib.

Qeyd edək ki, son zamanlar Hindistan və Pakistanın iddia etdiyi Kəşmir regionunda vəziyyət əhəmiyyətli dərəcədə kəskinləşib.

Xatırladaq ki, Hindistanın nəzarətində olan mübahisəli Kəşmir ştatında fevralın 14-də kamikadze hərbçilərə hücum edib. Nəticədə, 45 nəfər insan həyatını itirib. Hücuma görə məsuliyyəti “Caiş-e-Muhammed” qruplaşması öz üzərinə götürüb. Hindistan tərəfi Pakistanın hücumla əlaqəsinin olduğunu iddia edib.

Hadisə Nyu-Dehli və İslamabad arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirərək yenidən müharibə həddinə gətirib çıxarıb. Beynəlxalq cəmiyyət iki nüvə dövləti arasında münasibətlərin pisləşməsindən narahatdır.

Əlavə edək ki, Pakistan və Hindistan arasında Kəşmir üstündə artıq 1947-1949, 1965, 1972 və 1999-cu illərdə müharibə baş verib. Növbəti müharibənin baş vermə ehtimalı da bu baxımdan, olduğu yüksək qiymətləndirilir.

Ömər