Elkaponinin dövlətimizə qarşı şok kampaniyası - FOTOFAKT

7 Mart 2019 16:24 (UTC+04:00)

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə iş adamı Frenk Elkaponi Naxçevanskinin (Füzuli Məmmədov) Axar.az saytında “Erməni milyarder edir, Elkaponi isə “meydan oxuyur” və “Elkaponi xahiş etdi, ardınca inanılmaz addım atdı” başlığı altında yayımlanan məqalələrdə “şərəf və ləyaqətin təhqiri” iddiası ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə Axar.az saytını baş redaktor Anar Niftəliyev təmsil edib.

A.Niftəliyev saytımıza açıqlamasında bildirib ki, ötən prosesdə qaldırdığı iddiaya uyğun olaraq, qarşı tərəf sözügedən məqalələrdəki şərəf və ləyaqətin alçaldılmasına yönəlik ifadələrin nədən ibarət olmasını məhkəməyə bu gün təqdim edib:

“Bugünkü prosesdə qarşı tərəfin məhkəməyə təqdim etdiyi cümlələrdə Frenk Elkaponi nəinki təhqir edilmir, əksinə, təriflənir. Onların iddiasının nə qədər gülünc və absurd olduğunu təqdim etdikləri iki nümunəyə baxaraq görə bilərsiniz:

1. “Tanınmış iş adamı, milyonçu, son illər diaspor fəaliyyəti və xeyriyyəçiliyi ilə gündəmə gələn və özünə qarşı xüsusi rəğbət yaratmağı bacaran Füzuli Məmmədovun 5 gün öncə - dekabrın 12-də iddia dolu, dövlətə qarşı lazım olmayan münasibətlə bir bəyanatı yayıldı”.

2. “Bəyanatda əksini tapan “bir çox şəhid ailəsinə ödəmədən imtina edilməsi” və “dövlətin öz öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi”, “ümummilli biabırçılıq” və sair söz və ifadələrdə əksini tapan qıcıqlandırıcı notlar F.Məmmədovun həm informasiyasının, həm də mövqeyinin, dövlətlə danışıq ritorikasının kökündən yanlış olduğunu göstərirdi”.

Frenk Elkaponi yuxarıda göstərilən iki cümlənin onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumat və ya sözlər olduğunu iddia edib. Qarşı tərəfin bu iddiasının heyrətamiz və gülünc olduğunu məhkəmədə vurğuladıq”.

A.Niftəliyev iddia ərizəsinin düzgün tərtib olunmadığını, məhkəməyə cəlb edilən digər saytlarda yayımlanmış məqalələrin Axar.az-ın məqaləsi ilə tamamilə fərqli olduğunu nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsini xahiş etdiyini bildirib.

Məhkəmədə Axar.az-da yayımlanmış məqalələri əsaslandıran baş redaktor vurğulayıb ki, Frenk Elkaponinin həmin bəyanatı Prezidentin fərmanı ilə bağlı yanlış informasiyanın davamı kimi, dövlətimizə və dövlətçiliyimizə qarşı kampaniyaya çevrilib.

Anar Niftəliyev bunun sübutu kimi, hələ də Frenk Elkaponinin sosial şəbəkə səhifəsində qalan bəyanata yazılmış şərhlərin skrinşotunu məhkəməyə təqdim edib. O bildirib ki, bəyanata yazılmış şərhlərdə fərman, eləcə də dövlətçiliyimizlə bağlı etikadan kənar, yanlış məlumatlardan doğan təhqir və aqressiya əks olunub. Beləliklə, F.Elkaponi yanlış məlumatlar əsasında verdiyi yanlış, əsassız bəyanatla faktiki olaraq Prezident fərmanına qarşı ədalətsiz bir kampaniya aparıb və təəssüf ki, bu kampaniyanı hələ də davam etdirir: yanlış informasiya alanlar F.Elkaponini tərifləyir, dövlətimizə qarşı isə aşağılayıcı ifadələr işlədirlər. F.Elkaponi isə ünvanına göndərilən təriflərə təşəkkürlər yazmaqla, bu prosesdən “faydalanır”.

Anar Niftəliyevin sözlərinə görə, səsləndirdiyi haqlı əsasların qarşısında arqumentsiz qalan qarşı tərəf məqalədə təhqir məzmunlu ifadə kimi təqdim etdiyi cümlələrin ekspertizaya göndərilməsini istəyib:

“Bu, məhkəmənin süni şəkildə uzadılmasına xidmət edən perspektivsiz bir cəhddir. Lakin biz buna etiraz etmədik. Çünki əminik ki, ekspertiza da burada təhqir içərikli hansısa ifadənin olmamasını sübuta yetirəcək”.

Baş redaktor bir daha xatırladıb ki, Frenk Elkaponiyə daim sayğı və sevgi ilə yanaşılıb, lakin Azərbaycan dili ilə bərabər, həm də rus dilində yaydığı bu bəyanatı ört-basdır etmək olmaz:

“Təəssüf ki, Frenk Elkaponi yanlış informasiyadan çıxış edərək, çox yanlış və zərərli bir bəyanat yaydı. Ən pisi də budur ki, o, bu bəyanatı həm də rus dilində tirajladı. Onun rus dilində yazdığı bəyanatdan düşmən mətbuatı Azərbaycana qarşı istifadə etdi. Maraqlıdır, Frenk Elkaponi niyə bu bəyanatı rus dilində də yaydı? Məqsədi nə idi? Əgər Azərbaycan ictimaiyyətinə yönəlik bəyanat idisə, rusca yayılmasına nə ehtiyac vardı?

Əslində, bizim məqaləmizdən dərhal sonra Frenk Elkaponi yanlışını başa düşüb, sözügedən bəyanatını silməli idi. Redaksiyamızla əlaqə saxlayan F.Elkaponiyə də bizim şərtimiz bu olmuşdu ki, statusunu silsin və yalan kampaniyasına alət olmasın. Mövqeyindən yanlış nəticələr çıxarılması və Azərbaycana qarşı istifadə edilməsini istəmirsə, biz onun müsahibəsini yaymağa hazırıq. Bizimlə razılaşdı və biz də birinci məqaləni qaldırdıq. Ancaq F.Elkaponi nəinki zərərli statusunu sildi, əksinə, Musavat.com saytına müsahibə verərək, bizi ittiham də etməyə cəhd göstərdi. Bunun ardınca isə Axar.az saytını gülünc, absurd və öz səviyyəsinə uyğun şəkildə məhkəməyə verdi. Hətta “şərəf və ləyaqəti” üçün 100 min kompensasiya da istədi”.

Sonda Anar Niftəliyev vurğulayıb ki, sözügedən məqalədə Frenk Elkaponi Naxçevanskinin ünvanına, onun şərəf və ləyaqətini aşağılayacaq hansısa ifadə, min dəfə təəssüf ki, işlədilməyib:

“Lakin məhkəmədə bir daha bəyan etdim ki, F.Elkaponinin bu absurd və gülünc iddiası rədd ediləndən və adam biabırçı şəkildə uduzandan sonra Naxçevanskinin öz səviyyəsinə uyğun yazı hazırlanacaq və çalışacağıq ki, həmin yazıda F.Elkaponi məhkəməyə verməyə nəsə tapsın. Çünki növbəti dəfə absurd, gülünc və arqumentsiz iddia ərizəsi yazmağı F.Elkaponiyə rəva görmərik”.