Azərbaycan gimnastı gümüş medal qazandı

16 Mart 2019 14:21 (UTC+04:00)

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst halqalarla hərəkətlərin yekunu üzrə qaliblər müəyyənləşib.

Publika.az-ın məlumatına görə, Azərbaycan idmançısı Nikita Simonov uğurla çıxış edərək 14.800 bal toplayıb. Bu nəticə ilə təmsilçimiz gümüş medal qazanıb.

Böyük Britaniya gimnastı Kortni Tallok 14.933 balla birinci olub. Bürünc medala isə Ukrayna təmsilçisi İqor Radivilov (14.666) yiyələnib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.