"Bir daha mərhəmət, ədalət və humanizmin şahidi olduq" - Əliməmməd Nuriyev

16 Mart 2019 19:50 (UTC+04:00)

Dövlət həm cəzalandırır, həm bağışlayır. Bu, dövlətin təbiətindən irəli gələn bir məsələdir. Əfv hüququnun konstitusiyaya salınması və prezidentə belə bir müstəsna hüququn verilməsi də məhz dövlətin təbiətindən doğur. Biz müxtəlif əlamətdar günlərdə cənab prezident tərəfindən əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. 1995-ci ildən indiyədək 64 əfv sərəncamı imzalanıb. Bu gün isə 65-ci əfv sərəncamı imzalandı.

Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O qeyd edib ki, bu fərman və sərəncamlar nəticəsində minlərlə insan, bütövlükdə götürsək 8 minə yaxın şəxs cəzadan azad edilib:

“Eyni zamanda 2003-cü ildən bu günədək 4 mindən artıq şəxs cəzadan azad edilib. Onların da mütləq əksəriyyəti – 95 faizi azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilib. Bunu xüsusi olaraq vurğulamaq istərdim. Bu, çox əhəmiyyətli faktordur. Eyni zamanda ölkə başçısı tərəfindən humanizm prinsiplərinə söykənərək məhkum edilmiş şəxslərin bağışlanmasıdır”.

Ə.Nuriyev qeyd edib ki, bu gün bir çox məhkumlar və onların ailələri ölkə başçısı tərəfindən verilmiş əfv sərəncamının sevincini yaşayırlar:

“Fevral ayından başlayaraq biz Əfv Komissiyasında iclaslar keçirməyə başladıq və sonda tövsiyə xarakterli qərar qəbul edərək onu cənab prezidentə təqdim etdik. Cənab prezident tərəfindən kimin əfv edilib-edilməməsi ilə bağlı son, qəti qərar qəbul olunur. Bu gün biz də məhkum ailələri ilə birgə əfv sərəncamının imzalanmasının sevincini yaşadıq.

Bu sərəncam bir daha göstərir ki, cənab prezidentin apardığı siyasət insana yönəlib. Dövlət başçısı ilk andiçmə mərasimində bildirmişdi ki, hər kəsin prezidenti olacaq. Ötən illər ərzində onun tərəfindən imzalanmış 34-dən artıq əfv sərəncamı həm də cənab prezidentin bütün təbəqələrin prezidenti olmasının nümunələrindən biridir. Mərhəmət, ədalət və humanizm Azərbaycan dövlətinin və prezidentinin fəaliyyətinin əsas prinsiplərindədir və bu gün biz bir daha bunun şahidi olduq”.