Zelenski layihəsi onun əsəri sayılır - ŞƏRH

23 Mart 2019 18:34 (UTC+04:00)

Vladimir Zelenski Ukraynanın prezidenti seçilərsə, oliqarx İqor Kolomoyskiy bir müddət ölkənin xaç atasına çevriləcək.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Zelenski öz şouları ilə məhz Kolomoyskinin nəzarət etdiyi televiziya kanalında məşhurlaşıb, digər tərəfdən Zelenskinin seçkiqabağı kampaniyası da Kolomoyski tərəfindən maliyyələşdirilir.

“Kolomoyski hazırki prezident Petro Poroşenkodan yanıqlıdır. Çünki Poroşenko bir neçə ilə əvvəl Kolomoyskinin ölkə siyasətinə təsirini azaltmaq üçün onu ölkəni tərk etməsini istədi. Kolomoyski bir müddət İsveçrədəki villasında yaşadı, daha sonra İsrailə köçdü. Ancaq Poroşenko nəticə əldə etmədi. Çünki Kolomoyski ölkə kənarından da Ukraynadakı siyasi proseslərə təsir etdi və elə uğurlu Zelenski layihəsi onun əsəri sayılır”, - siyasi şərhçi feysbuk səhifəsində yazıb.