Nəsiminin söz xəzinəsindən seçmələr “Afişa”da

3 Aprel 2019 15:25 (UTC+04:00)

Böyük şair, mütəfəkkir, qüdrətli söz ustadı İmadəddin Nəsiminin bəşəri ideyalarla zəngin irsi təkcə özündən sonrakı klassik Azərbaycan ədəbiyyatının, ana dilində poeziyamızın deyil, həmçinin Yaxın Şərqdən Mərkəzi Asiyayadək bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına təsir göstərib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dahi şairin 650 illik yubileyi, eləcə də ölkəmizdə elan edilən “Nəsimi ili” mədəniyyət, təhsil, elm ocaqlarında silsilə tədbirlər, layihələrlə qeyd edilir.

Kitabxanalarımızda Nəsiminin əsərlərinin nəşrləri, şairin həyat və yaradıcılığı haqqında çoxlu kitablar, monoqrafiyalar var. Şairin əsərləri rus, ingilis, alman, fransız, türk, fars və başqa dillərdə də işıq üzü görüb. Nəsimi haqqında müxtəlif ekran, səhnə, musiqi əsərləri var, amma humanizm carçısı olan şairin irsi ilə ən yaxın, bilavasitə tanışlıq mənbəyi onun özünün əsərləridir. “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin növbəti sayı oxucuları bu əngin söz dünyasına kiçik səyahətə aparır.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq çap olunan və pulsuz yayılan nəşrin aprel buraxılışında paytaxtın teatr və konsert müəssislərinin, kino və sərgi zallarının aylıq afişası, tədbirləri haqqında məlumatlarla yanaşı, Nəsimi irsindən nümunələr – qəzəllərindən seçmələr də dərc edilib. Burada həmçinin böyük şairin Azərbaycan Milli Kitabxanasının fondunda saxlanılan kitabları, Nəsiminin həyat və yaradıcılığı ilə bağlı müxtəlif dillərdə işıq üzü görən nəşrlər haqqında qısa məlumat verilir.

“Mədəniyyət+Afişa” nəşrinin məqsədi Bakı sakinlərini, eləcə də şəhərə gələn qonaqları mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir. Nəşr bu sayından etibarən oxuculara xalqımızın zəngin ədəbi xəzinəsinin incilərini təqdim etmək, mütaliəyə marağı təşviq etmək yönündə də öz töhfəsini vermək niyyətindədir. Nəsiminin söz dünyasına səyahət bu yolda ilk addımdır.

Qeyd edək ki, “Afişa” əlavəsinin aprel sayındakı bu yeniliyi oxucular da maraqla qarşılayıblar. Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin müəllim və tələbələri ilə görüşdə nəşrin təqdimatı bunu bir daha təsdiqlədi.

Fakültənin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə belə bir nəşrin ərsəyə gəlməsini müsbət qiymətləndirərək aylıq “Afişa” buraxılışının həm tələbələrin, həm də müəllimlərin paytaxtın mədəniyyət ocaqları ilə ünsiyyəti, özəlliklə teatrlara marağın artırılması baxımından əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, hər zaman tələbələrimizə ölkəmizin mədəni həyatında fəal iştirak etməyi tövsiyə edirik. Bu yöndə universitetdə müxtəlif tədbirlər keçirilir. Eyni zamanda gənclərimiz şəhərimizdəki teatrlara, filarmoniyaya, digər konsert zallarına, sərgilərə getməli, nəinki orada nümayiş olunan əsərlər haqqında dolğun məlumatlı olmalı, həmin mədəniyyət ocaqlarının gözəl memarlıq üslubu ilə seçilən binalarının tarixini də bilməlidirlər. Dekan nəşrin yeni buraxılışında Nəsiminin irsinə yer verilməsini xüsusilə təqdir edərək bunun “Nəsimi ili”ndə dahi şairin zəngin yaradıcılığının təbliğinə, onun söz sənətinin daha geniş kütləyə çatdırılmasına bir töhfə olduğunu dedi. Mahirə Hüseynova nəşrin Azərbaycan Dövlət Pedaqoji Universitetində təqdim olunmasına görə minnətdarlığını bildirdi.

Qəzetin baş redaktoru Vüqar Əliyev “Mədəniyyət” qəzeti və “Afişa” əlavəsi haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, “Afişa” əlavəsi 2018-ci ilin noyabrından Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunur və paytaxtın müxtəlif məkanlarında, mədəniyyət ocaqlarında, eləcə “ASAN Xidmət”in dəstəyi ilə Bakıdakı “ASAN Xidmət” mərkəzlərində sakinlərə təqdim edilir.

Vurğulandı ki, nəşrin aprel sayında İmadəddin Nəsiminin qəzəllərindən seçmələrin dərc edilməsi altı əsr öncə bütün bəşəriyyətə xitab etmiş böyük şair və mütəfəkkirin zəngin yaradıcılığının təbliği, populyarlaşdırılması istiqamətində yeni bir yanaşmadır. Qeyd olundu ki, Mədəniyyət Nazirliyi tərəfindən “Nəsimi ili”ndə şairin irsinin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirilir və “Afişa” nəşri vasitəsilə başlanan bu təşəbbüs də davam etdiriləcək.

Fakültənin tələbələri də rəngli tərtibatda, praktik formatda hazırlanan nəşrlə maraqla tanış olaraq bu vəsilə ilə Nəsimi irsinin incilərini bir daha oxumaq imkanı əldə edəcəklərini məmnunluqla bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin aprel buraxılışının nüsxələri Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinin dəstəyi ilə bu təhsil ocağının digər fakültələrində də müəllim və tələbələrə təqdim ediləcək.

Bundan əlavə, nəşrin yeni sayını Bakıdakı 1 nömrəli “ASAN Xidmət” mərkəzində, həmçinin paytaxtın teatrlarında, digər mədəniyyət ocaqlarında pulsuz əldə etmək olar.