Azərbaycanın milli və dövlətçilik maraqları yüksək səviyyədə qorunur - ŞƏRH

9 Aprel 2019 15:51 (UTC+04:00)

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə, ilk növbədə, Azərbaycanın milli və dövlətçilik maraqları yüksək səviyyədə qorunur”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Aqrar siyasət komitəsinin üzvü bildirib ki, Azərbaycan dövlətinin milli maraqları dünyaya inteqrasiya fonunda, qonşu dövlətlərlə - Ermənistan istisna olmaqla, dünya dövlətləri ilə sıx əməkdaşlıq üzərində, demokratik prinsiplər əsasında qurulub:

“Eyni zamanda, İlham Əliyevin apardığı daxili siyasətlə yanaşı, xarici siyasəti də təkcə Azərbaycanın deyil, digər ölkələrin də maraqları qarşılıqlı fayda əsasında qurulur. Bu gün Əliyevin ölkə iqtisadiyyatı üçün təməlini qoyduğu regional əhəmiyyətli layihələr: TANAP, Bakı-Tbilisi-Qars dəmiryolu, TAP, Cənub Qaz Dəhlizi, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi və bu kimi böyük işlər onun prinsipial mövqeyinin nəticəsində əldə olunub. Bu layihələr iqtisadi səmərə verməklə yanaşı, xalqları bir-birinə yaxınlaşdırır, mədəniyyətləri bir-birinə qovuşdurur. Azərbaycan dünya üçün eyni zamanda, tolerant, multikultural bir ölkədir. İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında bu faktorlar dayanır. İstər ordu quruculuğu sahəsində olsun, istərsə struktur, demokratik islahatlar olsun, təkcə Azərbaycan dövlətinin milli maraqları çərçivəsində məhdudlaşmır. Bu, bütövlükdə, region üçün, dünya üçün atılan nümunəvi addımlardır. Prezidentimizin apardığı siyasət, əlbəttə, fransız jurnalistlərin də diqqətini cəlb edib və İlham Əliyevin fəaliyyəti müsbət qiymətləndirilib”.

Qeyd edək ki, Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.

Rəy sorğusunun nəticələrini aprelin 9-da “Opinion Way” şirkətinin rəhbəri Brüno Janbar Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında elan edib.

Diqqətə çatdırılıb ki, sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.

Zümrüd