FHN-in əməkdaşları telekörpü vasitəsilə beynəlxalq konfransa qoşuldular

10 Aprel 2019 20:08 (UTC+04:00)

Aprelin 10-da Ukrayna Milli Mülki Mühafizə Universitetinin təşkilatçılığı ilə Xarkovda “Fövqəladə halların təminatının problem və perspektivləri” mövzusunda gənc alimlərin beynəlxalq konfransı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildiriblər ki, konfransın təşkilat komitəsinin dəvəti ilə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev, nazirliyin fövqəladə halların nəticələrinin aradan qaldırılması işinini təşkili Baş İdarəsinin tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, konfransın təşkilat komitəsinin üzvü, mayor Xanım Sofiyeva, eləcə də Akademiyanın mütəxəssisləri telekörpü vasitəsilə tədbirə qoşulublar.

Akademiyanın rəisi Baba Salayev konfrans iştirakçılarını salamlayaraq dəvətə görə Ukrayna Milli Mülki Mühafizə Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib. O, ikitərəfli tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayaraq konfransın işinə uğurlar arzulayıb.

Telekörpüdə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin psixoloji göstəricilərinin standartlarının hazırlanması istiqamətində Ukrayna və Azərbaycan psixoloqlarının əməkdaşlığı” mövzusunda çıxış edən Xanım Sofiyeva xilasedicilərin psixoloji hazırlığının təmin olunması sahəsində təcrübə mübadiləsinin davam etdirilməsinin, problemlərin həllində birgə əməkdaşlığın vacibliyini nəzərə çatdırıb.

Konfransda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif məsələlər müzakirə olunub.