Hicran Hüseynova: Məktəbli qızın intihar etməsi məsələsini kampaniyalaşdırmağa ehtiyac yoxdur, fakt hərtərəfli araşdırılır

11 Aprel 2019 11:35 (UTC+04:00)

Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən araşdırmalar gedir və bu məsələ ilk gündən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, hazırda istintaq gedir, araşdırmalar aparılır. Bununla yanaşı, məsələni mahiyyətindən çıxardaraq sosial şəbəkələrdə kampaniyalaşdırmağa və ya siyasiləşdirməyə ehtiyac yoxdur. Burada məsələnin diqqətdən kənarda qalması rəyinin formalaşdırılması da düzgün deyil.

"İndi heç kəsi təqsirləndirmək istəməzdim, bütün bunlar istintaq işi yekunlaşdıqdan sonra bilinəcək”, - deyə Hicran Hüseynova bildirib.

Qeyd edək ki, Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi orta məktəbdə baş vermiş intihar hadisəsi ilə bağlı aprelin 6-da birgə məlumat yayıb.

Məlumatda deyilir ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstəxanada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. (trend)