Zaqatalada raket aşkarlandı

22 Aprel 2019 21:07 (UTC+04:00)

Aprelin 22-də saat 12:57-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zaqatala rayonunun Uzunqazmalar kəndində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Publika.az-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyin təmin olunması məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində dolu əleyhinə raket (SKY Clear 6, LOZA 2) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.