Polşada Azərbaycanla bağlı sənədlər aşkarlandı: Ermənistan... - FOTO

29 Aprel 2019 20:46 (UTC+04:00)

Polşada Azərbaycana dair mühüm sənədlər aşkarlanıb.

Publika.az xəbər verir ki, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bu barədə AZƏRTAC-a müsahibə verib.

Səfir deyib ki, 2018-2019-cu illər bir-birinin ardınca bizim üçün yubiley illərdir. Keçən il Azərbaycan Respublikasının 100 illiyi, bu il isə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illiyi qeyd olunur. Bu hadisələrlə əlaqədar biz Polşanın Yeni Aktlar Arxivində sənədlərin axtarışını apardıq, çox maraqlı nəticələr əldə etdik və çalışdıq ki, sənədlərdə əks olunan hadisələri əbədiləşdirək. Lövhədə yazılıb ki, Paris Sülh Konfransına sədrlik edən Antanta İttifaqının üzvləri 1920-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini de-fakto tanıyırlar. Polşa isə Azərbaycanın müstəqilliyini fevralın 13-də tanıyıb. Bununla bağlı Polşanın o zamankı xarici işlər naziri Stanislav Patek Azərbaycan hökumətinə Konstantinopol (İstanbul) vasitəsilə teleqram göndərir. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski idi və həmin teleqram (depeşe) ona təqdim olunmuşdu. Sənəddə, həmçinin vurğulanır ki, Ermənistan bu günədək Polşa tərəfindən tanınmayıb. Göründüyü kimi, Polşa Azərbaycanda 1918-ci ildə yaranmış vəziyyətdən tam xəbərdar idi. Hətta onlar Bakıda nəşr olunan yerli mətbuatla da tanış idilər.

Diplomat qeyd edib ki, sənədlərdən birinin adı Cənubi Qafqazdır. Bu sənəddə qeyd olunub ki, 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edib və bununla əlaqədar Bakıda baş verən hadisələr haqqında aydın yazılıb. Göstərilib ki, Azərbaycanın müstəqilliyi elan olunduğu zaman hökumət Yelizavetpol, indiki Gəncə şəhərində yerləşirdi, çünki Bakı həmin zaman bolşeviklərin işğalı altında idi. Bu səbəbdən Azərbaycan hökumətinin qarşısındakı əsas məsələlərdən biri Bakı uğrunda mübarizəyə başlamaq idi. Sənəddə qeyd olunur ki, 1918-ci ilin mart ayında Bakı uğrunda mübarizədə yerli ermənilərin rolu böyük idi. Belə ki, onlar bolşeviklərin tərəfini tutaraq, müsəlman əhalisinə qarşı amansız zorakılıqlar törədirdilər. Yerli mənbələrə əsasən bu zorakılığın əsas səbəbkarı Daşnaksütyun partiyası idi. Heç bir yerdən yardım əldə etməyən Azərbaycan hökuməti yaranmış ağır vəziyyətdən çıxmaq üçün Türkiyəyə üz tutdu və türk ordusunun köməyi ilə 2 ay davam edən mübarizədən sonra Bakını bolşevik işğalından azad etdi.

O dövrdə Azərbaycan-Polşa əlaqələri ilə bağlı suala cavabında səfir deyib ki, 1918-ci il oktyabr ayının ikinci yarısı Polşa Azərbaycan Respublikası yanında öz diplomatik nümayəndəsinin yerləşdirilməsi barədə qərar qəbul edib və işlər vəkili vəzifəsinə Votslav Ostrovskini təyin edib. Oktyabrın 24-də F.Xoyski Votslav Ostrovskinin etimadnaməsini qəbul edib. Həmçinin 1918-ci il oktyabr ayının əvvəli Bakıda işləyən polyak iş adamı Stefan Rılski Azərbaycan hökuməti tərəfindən Polşanın konsul nümayəndəsi kimi tanınıb. Azərbaycan parlamentinin nümayəndələrindən biri yerli əhalidən olan Polşa əsilli deputat Stanislav Vonsoviç idi. Sənədlərin birində Stanislav Vonsoviç Polşanın xarici işlər nazirinə yazdığı məktubda deyib: "Güman edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə öz şəxsi təşəbbüsü kimi? Polşaya qarşı səmimi rəğbət bəsləyir. Burada neftdən savayı pambıq, yun, mis mədənləri, çaxır və kürü var. Eyni zamanda? kommunikasiyanın açılması ilə Bakı bazarında xammal alışı üçün böyük kapitallara imkan yaranır. Aydın məsələdir ki, Polşa Krallığının Qafqaz ilə münasibətini yeniləmək lazımdır. Lakin nəzərə almaq lazımdır ki, siyasi şərtlərin dəyişilməsi nəticəsində Qafqazın kommersiya bazarına müharibə sonrası Avropa ölkələrinin marağı artıb. Fikirləşirəm ki, burda yaşayan polyakların hüquqlarını müdafiə etmək üçün Polşanın Azərbaycanda diplomatik nümayəndəsinin olması zəruridir. Həmçinin Azərbaycanla Polşa arasında ticari əlaqələrin inkişafına vasitəçi olardı. 30 oktyabr 1918- ci il (Məktub Polşanın Yeni Aktlar Arxivində yerləşir )".

Səfir qeyd edib ki, Polşa Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsini dəstəkləyir.