Astarada torpaq sürüşdü, evlər qəzalı vəziyyət düşdü

30 Aprel 2019 16:30 (UTC+04:00)

Son günlər yağıntılar Astara rayonunun bir sıra kəndlərində sürüşməyə səbəb olub.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, ənənəvi sürüşmə sahələri ilə yanaşı, yeni sahələr də yaranıb:

“28 yaşayış məntəqəsində baş verən sürüşmələrlə bağlı müraciət daxil olub. Həmin müraciətlər əsasında əməkdaşlarımız ərazidə olub, sürüşmə sahələrinə baxış keçiriblər. Astara rayonunun kəndlərində sürüşmə sahələrinin vəziyyəti heç də yaxşı deyil, gündən-günə vəziyyət bir az da pisləşir. Sürüşmə sahələri evlərdə çatlara səbəb olub və yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Hətta müşahidə aparmaq üçün bəzi evlərin içərisinə daxil olmaq belə çətinləşib. Mayın yağıntıların bol olduğu dövr olduğunu nəzərə alsaq, ərazidə vəziyyət bir az da gərginləşəcək. Artıq ərazidə yeni sürüşmə sahələri yaranıb”.

Ə.Qaralov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə aparılan müşahidələrin nəticəsində akt tərtib edilib.

“Yəqin ki, tərtib edilmiş akt əsasında ziyan dəymiş evlərin sakinlərinə dövlət tərəfindən dəstək olunacaq”.