Bu, İlham Əliyevin müstəsna fəaliyyətinin nəticəsidir - ŞƏRH

31 May 2019 19:18 (UTC+04:00)

“Mayın 29-da Azərbaycanda çox möhtəşəm bir futbol festivalı oldu. Bu matça qədər dünya mətbuatında Azərbaycanda baş verən hər bir hadisə işıqlandırılırdı. Turistlərə xəbərdarlıq olunurdu ki, Bakıya səfər etməsinlər. Bu əks-təbliğatın arxasında da erməni lobbisi və onların pulları dayanırdı”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Avropa Liqasının Bakı Olimpiya Stadionunda baş tutan final matçı ilə bağlı təəssüratlarını bölüşən millət vəkili bildirib ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin cavabını Azərbaycan öz işi ilə verib:

“Əks-təbliğatlara baxmayaraq, idmançılardan tutmuş, turistlərə qədər hər kəs gördü ki, Azərbaycan stabil bir ölkədir. İdman yarışlarının keçirilməsi üçün bütün təşkilati tədbirlər yüksək səviyyədə həyata keçirilir. Digər tərəfdən, şəhərimizin gözəlliyi, insanlarımızın qonaqpərvərliyi, təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olması əks-təbliğatçılara şans vermirdi. Ona görə də onlar üz tutdular “sapı özümüzdən olan baltalara”. Müxalifət həmin gün Bakıda Respublika Günü münasibətilə deyil, iğtişaşa zəmin yaradacaq addımlar atmaq üçün toplaşmışdılar. Əlbəttə, bunun qarşısı alındı. Biz gördük ki, Azərbaycanın rifahını həzm edə bilməyənlər və onların havadarları ölkəmizin dövlətçiliyi, xalqımızın etibarlılığı ilə üzləşdilər. Azərbaycanda qanunlar hər şeydən alidir. Hüquq-mühafizə orqanlarımız dövlətçiliyimizin keşiyində dayanır. Adi vətəndaşdan tutmuş bütün güc sturkturlarına qədər hər kəs öz məsuliyyətini gözəl dərk edir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirləri yüksək səviyyədə keçirməsində birbaşa Prezident İlham Əliyevin əməyi, yorulmaz fəaliyyəti müstəsna rol oynayır:

“Azərbaycan Prezidentinin bir məqsədi var: Azərbaycan vətəndaşlarının maraqlarını, təhlükəsizliyini təmin etmək. Maraqlar deyəndə burada təkcə sosial məsələlərdən söhbət getmir. Bu, İlham Əliyevin idarəçiliyinin ana xəttini təşkil edir. Təhlükəsizlik siyasəti təkcə vətəndaşların yox, Azərbaycanda olan hər kəsin maraqlarını təmin edir. Hüquq-mühafizə orqanlarımız bu sahədə daim öz peşəkarlığını nümayiş etdirir”.