Çin və Rusiya arasında nəhəng razılaşma

9 İyun 2019 19:10 (UTC+04:00)

Emal həcminə görə dünyada birinci olan "China Petroleum and Chemical Corporation" ("Sinopec") Rusiyanın "Novatek" və "Gazprombank" şirkətləri ilə müştərək müəssisə yaratmaq barədə razılığa gəlib.

Azərtac "Sinopec"in yaydığı məlumata istinadla xəbər verir ki, məqsəd Çin bazarını təbii və mayeləşdirilmiş təbii qazla (LNG) təmin etməkdir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiyaya səfərindən sonraya təsadüf edən razılaşmaya əsasən, müştərək müəssisə "Novatek" şirkətinin hasil və istehsal edəcəyi təbii qazı və LNG-ni Çinə idxal edərək, daxili bazarda satacaq.

"Sinopec"in prezidenti Day Houlian bildirib ki, razılaşma Çinin artan təbii qaz idxalının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ötən il 90,385 milyon ton təbii qaz (həm LNG, həm də boru kəmərləri ilə idxal edilən qazın ümumi həcmi) idxal edən Çin bu göstərici ilə Yaponiyanı qabaqlayaraq dünyada ən böyük "mavi yanacaq" idxalçısına çevrilib. Ötən il Çinin təbii qaz idxalı əvvəlki illə müqayisədə 31,9 faiz artıb. Ölkənin xarici təbii qazdan asılılığı 45 faiz olub.