Bu müharibədə biz silahsız qalırıq - Aynur Camalqızı

12 İyun 2019 13:00 (UTC+04:00)

Hər şeydən əvvəl onu vurğulamaq lazımdır ki, Türkmənistanın Birinci Xəzər İqtisadi Forumunu təşkil etməsi olduqca əhəmiyyətlidir və bu, ölkənin böyük layihələrə müəlliflik etmək iradəsini ortaya qoyur.

Axar.az xəbər verir ki, bunu Birinci Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı “Teleqraf” Media Qurumunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

A.Camalqızı xatırladıb ki, Xəzərlə bağlı əsaslı proseslər hələ ötən il Xəzəryanı dövlətlər üçün xüsusi imkanlar tanıyan Xəzər Konvensiyasının imzalanması ilə başlamışdı:

“Həmin vaxt verilən açıqlamada bu Konsensiyanın qəbulunda Bakının müstəsna mövqeyi də qabardılmışdı. Bakının isə qazanmaq və qazandırmaq, Xəzərin sülh dənizi, Xəzəryanı ölkələr üçün iqtisadi rifah məkanı olması prinsipini əsas götürdüyü kimsədə şübhə doğurmur. Avqustun 12-də imzalanan konvensiyadan sonra Azərbaycan Prezidentinin Türkmənistana olduqca önəmli səfəri baş tutdu. 21-22 noyabrda gerçəkləşən səfər zamanı iki qardaş ölkə arasında 21 mühüm saziş imzalandı. Bu sazişlər əlaqələrin bütün sahələrini əhatə edir”.

Aynur Camalqızı iki türk prezidentinin bəyanatlarında yer alan önəmli nüansları diqqətə çatdırıb:

“Birincisi, prezidentlərin imzaladıqları birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. Bu, Aşqabadın Bakıya dost münasibətinin və ölkəmizin ərazi bütövlüyünə beynəlxalq hüquqa uyğun, ədalətli yanaşmasının bariz nümunəsidir.

Digər tərəfdən, bəyanatda iki ölkə arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsinin mühüm əhəmiyyətə malik olduğu qeyd edildi. Bununla yanaşı, əlaqələrin iki ölkənin maraqlarına xidmət etdiyi, regionda və Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına təkan verəcəyi vurğulandı.

Üçüncüsü, prezidentlər Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bildirdi. Bunun özü də Türkmənistanın transmilli bir layihədə önəmli rol oynamaq iradəsindən qaynaqlanırdı.

Türkmənistan öz qazını Avropaya çatdırmaq üçün Xəzərin dibindən boru xəttinin çəkilməsində maraqlı olduğunu nümayiş etdirir. Bu, qardaş ölkəyə böyük siyasi və iqtisadi gəlir gətirən meqalayihədir.

Məlumat üçün bildirək ki, 2018-in oktyabrında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi altında Türkmənistan nümayəndə heyəti Avropa Birliyinin nümayəndələri ilə Brüsseldə görüşmüşdü. Cənab Berdiməhəmmədov görüşdə AB nümayəndələrinin Transxəzər qaz kəmərinin tikintisi üçün investisiya cəlbinə hazır olduqlarını açıqlamışdı”.

Politoloq Xəzər Konvensiyasının imzalanması ilə Xəzəryanı ölkələr üçün açılan fürsətdən Türkmənistanın öz dövlət, milli maraqları üçün istifadə etməsinə yönəlik təşəbbüslərinin ciddi dəstəyə layiq olduğunu vurğulayıb: Çünki bu təşəbbüslər Xəzəryanı ölkələrlə iqtisadi-siyasi bağları gücləndirməklə yanaşı, xalqlarımızın rifahına, ölkələrin iqtisadi qüdrətinin artmasına hesablanıb və qarşılıqlı fayda verməyə əsaslanıb”.

Onun sözlərinə görə, bütün bu layihələr, görülən və görüləcək işlər tərəflərin inkişafı, gələcək layihələrə yeni təməllərin atılması baxımdan böyük önəm daşıyır. Amma politoloq çıxışında xüsusi bir məqamı vurğulayıb.

“Biz hər şeyi, dövlətlərin maraqlarını, inkişaf perspektivlərini nəzərə alsaq da, bir önəmli nüansı - informasiya təhlükəsizliyi məsələsini diqqətdən qaçırırıq. Söhbət təkcə Türkmənistan və Azərbaycanın deyil, ümumilikdə Xəzəryanı ölkələrin informasiya təhlükəsizliyindən gedir. Xüsusilə böyük layihələrin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyi məsələsi ciddi şəkildə gündəmə gəlir. Bölgədə marağı olan və Xəzəryanı ölkələrin, o cümlədən Orta Asiya regionunun inkişafını istəməyən bəzi maraqlı qüvvələr informasiya sahəsində bizə təzyiq göstərirlər. Biz məhz belə mühüm layihələrin müzakirəsi zamanı bəzi informasiya trollarının ortaya çıxıb qarayaxma kampaniyaları apardıqlarının şahidi oluruq.

Bu halı Türkmənistanla bağlı məsələlərdə də müşahidə edə bilərik. Həmin trollar Türkmənistanın Birinci Xəzər İqtisadi Forumunu təşkil etməsinə qarşı hərəkətə keçə bilər. Xatırlatmaq yerinə düşər ki, Nabukko layihəsi gündəmə gələndə tərəflərə qarşı informasiya hücumları başlamışdı. Bənzər hücumların yaxın gələcəkdə da davam edəcəyi şübhə doğurmur.

Çox təəssüf ki, biz trolların başlatdığı informasiya müharibəsində silahsız qalırıq. Lakin Xəzəryanı ölkələrə qarşı qurulmuş bu tipli ssenarilərin qarşısını almaq üçün ciddi işlər görə bilərik. Məsələn, Türkdilli Dövlətlərin Parlament Assambleyasının tərkibində bir informasiya komissiyası yaratmaq mümkündür. Bu komissiyaya hər türk dövlətindən bir nümayəndəni daxil edib, sağlam bir heyət formalaşdırmaq olar. Bu heyət əvvəlcə mədəni baxımdan təbliğati tədbirlər keçirib, türkdilli dövlətlər arasında mədəni-informativ inteqrasiyanı gücləndirə bilər. Bununla yanaşı, həm də ölkələrimizə qarşı başladılmış informasiya müharibəsinə adekvat cavab verər.

Biz həmçinin türk dövlətlərinin səfirlərinin diplomatik missiya daşıdığı türkdilli ölkələrdə mətbuatla sıx əlaqə yaratmasını təşkil etməliyik. Bəzən media nümayəndələri hansısa səfirdən vacib bir mövzuda məlumat almaq üçün günlərlə gözləməli olur. Bu da bizim informasiya sahəsində əksər hallarda uduzmağımıza zəmin yaradır.

Halbuki çox qısa bir müddətdə əsaslı addımlar ataraq bu problemləri aradan qaldıra bilərik.

Mən inanıram ki, Türkmənistanın Birinci Xəzər İqtisadi Forumunu təşkil etməsi həm Xəzəryanı ölkələr, həm də türkdilli dövlət arasında yeni bir səhifə açacaq”, - Aynur Camalqızı bildirib.