Mən və ətəyi hikkəli qadınlarım

13 İyun 2019 15:52 (UTC+04:00)

Leyla Sarabi

Mən, oğlum və liftdə ilk dəfə rastlaşdığım qız

- Oğlunuz nə qəşəngdir. Mənim kimi toppuşdur.

+ Çox sağ olun (yüngül gülümsəmə)

- Amma toppuş olmaq da bir şey deyil. Mən arıqlaya bilmirəm. 5 gündən sonra da ad günümdür. Siz mənə neçə yaş verərdiniz?

(Beynimin içində min cür fikrin milçək kimi uçuşduğu liftin boğanağında elə tək dərdim sənin yaşındır axı. Heç mən sənin adını bilmirəm, ay avam. Bu qıcıq gülüşünün önünə indi od kimi 35 atsam, gedib evdə sevgilinə zəng vurub - Aşqım, bir ləçər mənə 35 yaş verdi deyib onun da ömrünü çeynəyəcəksən. İndi söhbəti bir az da isitsəm, xalan qızının xınasına geyindiyin qırmızı donu hardan aldığını da deyəcəksən)

+ Çox gözəlsiniz. Yəqin 25 olar (dodaqqaçdı)

- Aaaa 26 olacaq. “Poçti” tapdınız. Sizin neçə yaşınız var?

+ Gələn dəfə liftdə görüşsək, siz də mənim yaşım üzərində auksion oynayarsınız.

Mən, oğlum və ilk dəfə göz-gözə gəldiyim satıcı qadın

- İki bulka verə bilərsiniz?

+ Bəlkə qoğal da götürəsiniz? İstidir, sobadan indi çıxıb.

- Yox istəmirəm, çox sağ olun.

+ Dırnağınızı harada düzəltdirmisiniz?

- Məhəlləmizdə balaca salon var, orada...

+ Qəşəngdi eee, amma eşitmişəm, adam şüadan dəri xərçənginə tutulur.

- Pozitiv düşünək, yaxşı olsun.

Mən, oğlum və bağçadakı aşpaz xala

- Ay qızım, sənin oğlun yeməyə çox kaprizlidi. Niyə belə öyrətmisən?

+ Mənim öyrətməyimdən asılı deyil, xala. İstəmədiyini zorla yedirtməyin.

- Bu nətər uşaqdı, çay dəymir dilinə?

+ Fransada uşaqlara çay vermirlər. Oradan adət edib.

- Nə bilim vallah, nəvəm də deyil ki, ərklə danlayım, çay içirdim.

Mən, oğlum və parkda ilk dəfə rastladığım qonşu

- Sizin uşaq özü yellənə bilmir ki, siz yellədirsiniz?

+ Yavaş-yavaş öyrənirik.

- Mənim qızım da onunla yaşıddır. Hələ qardaşına da özü baxır.

+ Nə gözəl, afərin.

- Sizdə tək uşaqdır?

+ Bəli

Sanki Allahın başqa qalaktikaya uçduğunu öyrənmiş kimi

- AAA...Niyə? Mənim üç uşağım var. Hamısının da bərəkətini Allah verir.

(bu cəmiyyətdə eşitdiyim ən absurd fikirlərdən biri də odur ki, Allah doğulan uşağın bərəkətini özündən öncə yetirir.Yəni siz bu nağıllara inanırsınız? Övladlarınızın bir qarnı ac, bir ayağı yalın xoşbəxt böyüyəcəyinə əminsiniz? Ürəklərində pas atmış uşaqlıq arzularını özləri ilə bərabər böyüdüb, bir gün daş kimi ağırlaşdığını görməyəcək qədər etinasızsınız? O zaman məni bu analıq zirvəsinə sizinlə qaxmaqda məzur görün, üzrlü sayın. Maddi durumum neçə uşağı xoşbəxt böyütməyə çatsa, o qədərini də dünyaya gətirəcəm. Bura əxlaqsızlıq yuvası Avropa deyil ki, hələ doğulmayan uşağın araba puluna qədər ödənsin. Hətta ən bahalı bağça üçün belə maaşının məbləğinə görə aylıq ödəniş hesablasın. Həkimi də desən, pulsuz, sığortalı... Övladımın bu günündə, sabahında yaxından-uzaqdan mənə bir xeyiri toxunmayan, həyatı yelləncək bilən qadın, səni də qınamıram. Çətin güzəranına rəğmən, balalarını yeməyib, yedirdib, geyməyib, geyindirirsən. İmkanın xaricində olan istəklərini dilə gətirəndə də, "südümü sənə halal eləmərəm" deyib, ürəyinin lap balaca bir köşəsində başına-başına döyürsən. Hələ böyük qızını da balaca oğluna dayə doğub körpəliyini istismar edirsən)

+ Bərəkətiniz bol olsun.

Bizim qadın uşağında, evində, yaşında, bədənində, hətta ovcuna qonan gerçək arzularında rahatlıq tapmır. Öz qınına girib içinkdəki pırtaqlaşmış yunu didmək yerinə, sinir hüceyrələrini qırxmağa qurbanlıq quzu axtarır. Bizim qadının bədəni əynindəki uzun ətəyini də özündən eyni işarəli elektrik yükü kimi itələyir. Yox, yox, tək səbəb qadınsov Bakı küləyi deyil. Ətəyi də ən az özü kimi narazıdır, hikkəlidir.

Bizim qadın fərq etməz toppuşu, ya sısqası, ərlisi-ərsizi yaşlandıqca övliya sindromuna yoluxur. Onlara hər yerdə yaşıl işıqdır, onların dilindən zəm-zəm tökülür (belə zənn edirlər). Qocaldıqca da hamısının ruhuna peyğəmbərlik üfrülür (hər yatanda, zərrə-zərrə, qram-qram). Bu cəmiyyətin kişisi çox fağırdır.