Yeniyetmələr arasında Azərbaycan çempionatına yekun vuruldu

16 İyun 2019 04:35 (UTC+04:00)

İyunun 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışlar Azərbaycan Atletika Federasiyasının (AAF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Publika.az xəbər verir ki, yarışda 10 komandadan 80-ə yaxın atlet iştirak edib.

Çempionatda oğlanlar arasında uzunluğa tullanmada Kəsgin Abbaszadə, hündürlüyə tullanmada Nikita Neftyakov, üç təkanla tullanmada Emil İlyasov və nüvəitələmədə isə Şakir Azakov qalib adını qazanıblar. Qızlar arasında uzunluğa tullanmada Aysel Mehrəliyeva, hündürlüyə tullanmada Veronika Andropova və nüvəitələmədə isə Aysun Əhmədova birinci yerə layiq görülüb.

Qaçış növləri üzrə oğlanların yarışında Elcan Cəfərov (100 m, 200 m), İbrahim Orucov (400 m) və Roman Məmmədov (800 m, 1500 m) birinci yerdə qərarlaşıblar. Qızların yarışında isə Aysel Mehrəliyeva (100 m), Samirə Cəbrayılzadə (200 m) və İradə Əliyeva (400 m, 800 m) birinci olublar.

Qaliblər federasiya tərəfindən medal və diplomlarla təltif olunublar.