Saç kəsə-kəsə müştərilərə psixoloji xidmət göstərən bərbər: Axı kişilik bununla ölçülmür

20 İyun 2019 09:00 (UTC+04:00)

Son vaxtlar şəhərimizin hər dalanını bəzəyən şadlıq sarayları siyahısına "Barber şop"lar əlavə olunub. Bu balaca məkanların adı ilə daşıdığı mənanın çox vaxt yaxından-uzaqdan əlaqəsi olmur. Bilmək istəyirsiniz, “barber shop” nədir?

Niyə bərbərxana yox, "barber shop"?

Publika.az bütün bu sualları Bakının ən məşhur bərbərlərindən olan Emilə ünvanladıq.

- Emil, "barber şop"la adi bərbərxanaların əsas fərqini izah edə bilərsiniz?

- Bərbərxana elə bir məkandır ki, ora gedib zaman itirmədən təraş olursan, yaxud standart formada saçını kəsdirib gedirsən. "Barber şop"da isə yeni və köhnə məktəblərin saç kəsimi çeşidləri var. Hər şey daha peşəkar şəkildədir. Təəssüf ki, bərbərxanalarda bu incəlikləri, çeşid müxtəlifliyini bacarmırlar. Heç kimin xətrinə dəymək istəmirəm, amma, bu, faktdır.

- Bir növ kuturye ilə dərzinin fərqi kimi…

- Bəli. "Barber şop"a gələn insan həm yeni stilə qovuşur, həm də fantastik emosiyalar toplayır. Çünki bu məkanda çalışan insanlar pul yox, yeni ideya axtarışındadırlar. Biz müştərilərimizlə daha çox ünsiyyətə önəm veririk. Bura gələn müştəriyə mütləq çay, kofe, pivə təklif olunur. Saçını, saqqalını etibar edəcəyi ustanı özü seçir. Həmçinin saç ustası da öz xarici görünüşünə diqqət yetirmək məcburiyyətindədir. Çünki səliqəsiz bərbərə az adam müraciət edəcək. Danışıq qabiliyyətin olmalıdır ki, müştərinin hansısa marağını bölüşə biləsən, konkret və ümumi mövzuları müzakirə edəsən. Məsələn, Rusiyada çalışanda müştərilərim arasında elm, sənət nümayəndələri olurdu. Bizim şəxsi həyatda da sıx dostluğumuz yaranırdı. Bakıda hələ ki, belə bir halla qarşılaşmamışam. Kobud desək, insanlar dostluq, yoldaşlıqla müştəri-bərbər ünsiyyətini eyni anda yürüdə bilmirlər. Həmçinin, bir problem də var. İnsanlar mentalitetin yazılmamış qanunları ucbatından ailə problemlərini bölüşə bilmirlər. Mən olduqca açıq fikirli və səmimi insanam, müştərimin ürək ağrısını, narahatlığını dinləməyə, bölüşməyə, lazım gəlsə, həddimi aşmadan təklif verməyə hazıram.

- Yəni peşəniz həm də psixoloqluğu tələb edir.

- Bu peşə elə psixoloq olmaq deməkdir. Həm işini yaxşı görməlisən, həm də müştərini yormadan onunla ünsiyyət qurmalısan. Bu isə Rusiyada daha asandır. Məsələn, orada müştəri sənə ürəyini açır ki, arvadım son vaxtlar məni təngə gətirib. Yenidən öz hesabına içki sifariş edirsən. Saçını qaydaya salandan sonra söhbətləşirsən. Ürəyini boşaltmadan "Barber şop"dan çıxmır. Amma Azərbaycanda bu ünsiyyəti qurmaq hələ ki, mümkün deyil.

- Demək biz "barber şop"da çalışan ustaları anti-depressant qurupu adlandıra bilərik..

- Daha dəqiq desək, motivatorlar qrupuyuq. Öz növbəmizdə insanları problemlərdən azad etməyə çalışırıq. Müştəri məkanımızdan çıxanda nəinki saç düzümündən, eləcə də daxili sakitliyindən zövq ala bilməlidir. Həyatım boyu çox hadisələrlə rastlaşmışam. Ona görə kifayət qədər həyat təcrübəm var. Az da olsa, özümə əminəm.

- Təbii ki, müştərilərin sirlərini qorumaq məcburiyyətindəsiniz. Bunu peşə etikanız tələb edir. Amma ad çəkmədən dinlədiyiniz ən qəribə müştəri monoloqunu bizimlə bölüşə bilərsiniz?

- Məsələn, Rusiyada insanlar çox komplekssizdirlər. Gəlib səninlə elə ailə problemini bölüşə bilər ki, heyrət içində qalarsan. Özündən soruşursan ki, bunu müzakirə etmək normaldır, yoxsa yox? Amma bir hadisəni sizinlə bölüşəcəm. Ümumiyyətlə, insanlara qarşı çox tolerantam. Cinsi azlıqlara qarşı da mövqeyim eynidir. Azad fikirli insanam. Amma müştəri səmimiyyət hissi ilə özünü sənə təqdim etməyin fərqlərini bilməyəndə qəzəblənirsən. Rusiyada "Barber şop"a bir müştəri gəlmişdi. Hiss etdim ki, mənə fərqli baxır, belə deyək özünü bəyəndirmək istəyir. Təbii ki, mən hər kəsi dinləməyə hazıram. Amma kişiyəm. İncə hərəkətlərlə mənə isinməyə çalışan kişyə xidmət edə bilmərəm. Müştəriyə bildirdim ki, mən sizinlə çalışa bilməyəcəm. Yaxşı olar ki, başqa bərbərə müracət edəsiniz. Digər mövzularda isə dediyim kimi, hər kəsin problemini, dərdini dinləməyə hazıram. Bəzən yanımıza gələnlər elm adamları olur. Elə bir mövzuda maraqlı söhbət edir ki, o, gedəndən sonra həmin mövzunu internetdə araşdırıram.

- Bəs olub ki, müştəriniz sizi öz incəliyi ilə yox, kobudluğu ilə qıcıqlandırıb və siz ona xidmət etmək istəməmisiniz?

- Bu yaxınlarda qapı açıldı, içəri sərxoş ərəb girdi. Əlində pivə şüşəsi oturdu, gözündəki gün eynəyini çıxartmadan mənə əmr etdi ki, üzümü qırx. Bir neçə dəfə mədəni şəkildə izah etdim ki, gözündəki eynək mənə mane olacaq. Bu şəkildə işləyə bilməyəcəm. Amma o, inadından dönmədi. Bizim müştərilərimiz arasında isə çox vaxt vəzifəli şəxslər, tanınmışlar, ümumiyyətlə, sakitlik, rahatlıq tapmaq istəyən insanlar olur. Müştəri məmnuniyyəti hər şeydən üstündür. Ona görə bütün işçilərlə birgə mədəni şəkildə xahiş etdik ki, məkanı tərk etsin. Üzr istəyib getdi. Əslində o, qala bilərdi, mən bu şəkildə onun istəyini yerinə yetirib daha artıq xidmət göstərərdim. Bununla da daha çox pul qazanardım. Amma kobud istəyini rədd etməklə daha yaxşı nümunə göstərməyə çalışdım.

- Bildiyim qədərilə "barber şop"ların konsepsiyası elə qurulub ki, hətta təmizlik işlərinə baxanlar da kişilər olmalıdır. Bəs qadınlara xidmət etmək fikriniz olub?

- Qadınlar… Qadınlar çox kaprizli olurlar, həddən artıq kaprizli… Baxın, biz kişilərin baş quruluşunun səthi eyni deyil. Bir nöqtədə çala var, bir nöqtə qabarıqdır, saçımız gah coddur, gah da nazik və s. Məsləhətləşib sonra saç düzümü edirik. Kişilərlə müxtəlif mövzularda söhbətləşə bilirik. Qadınlarla isə dil tapa bilmirəm. Onların maraqlarını bölüşməkdə çətinlik çəkirəm. Ünsiyyətdə olmadan saç kəsmək isə işimin sadəcə bir hissəsidir. Mənsə belə bacarmıram. Yəqin elə özüm kaprizliyəm, səbirsizəm.

- Qadınlar cinsiyyətindən asılı olmayaraq, adətən saç ustalarının simasında rəfiqə görmək istəyirlər. Yəqin ki, siz bu imkanı onlara yaratmırsınız.

- Həm də dedim axı "barber şo" dünyası yalnız kişilərdən ibarət olmalıdır.

- Kişi amazoniyası?

- Eynən. Burada kişilər yüksək səslə danışa bilər, qadınların yanında dilə gətirə bilmədikləri zarafatları edə bilər. Bu məkan kişilər üçün yalnız və yalnız müsbət enerji deməkdir. Belə deyim, sevimli hobbimiz üzərində pul qazanırıq.

- Emil, uzun müddət Rusiyada yaşamısınız? Geri dönmək fikriniz var?

- Anam rus, atam azərbaycanlıdır. 16 yaşıma qədər Bakıda yaşamışam. Təəssüf ki, mentalitetimizdə bəzi çatışmazlıqlar var. Məsələn, bərbər olmaq arzumu deyəndə ətrafdakılar etiraz etdilər, bir az da ishehza ilə yanaşdılar. Bu mənəvi təzyiqlər içimdəki yaradıcılıq ruhunu öldürdü. Rusiyaya köçəndən sonra özgüvənim artdı. Öz üzərimdə çalışmağa başladım, əhatəmi genişləndirdim.

- Bir az da trenddə olan saç düzümlərindən danışın…

- Kişi saç düzümlərinin bir çox şərtləri var. Bura baş, üz quruluşu da aiddir. Əvvəlcə müştəri ilə bu mövzuları müzakirə edirik. Sonra ortaq məxrəcə gəlirik. 2013-cü ildən etibarən yeni trendlər yaranmağa başladı. 40-50-ci illərdə Hitlerin "anderkat" saç düzümü dəbdə idi. Sonralar isə daha uzun və həcmli kişi saçları trend oldu. Çox gözəl deyim var: yeni olan hər şey, unudlan köhnədən ibarətdir. Artıq "anderkat" düzümü yenidən geri qayıdır. Amma Bakıda insanlar özlərini qəlibə salırlar. Müxtəlif təkliflər edirsən, razılaşmırlar ki, yox, bu, kişi düzümü deyil. Axı kişilik sənin fərqli saç düzümünlə ölçülmür. Mənim təkliflərim də heç vaxt həddini aşmır. Xüsusən də qadınlar kişidə ən çox ayaqqabıya, saata və saç düzümünə önəm verirlər. Azərbaycanlıların çərçivəsi məni çox sıxır.

- Hər peşənin öz qəribəlikləri var. Bərbərlərin qəribəlikləri, maraqlı yönləri nədən ibarətdir?

- Biz mülayim insanlarıq, amma özümüzdən çıxarsanız çox səbirsiz və aqressiv ola bilərik.

- Emil, bir müddət əvvəl Coş adlı bərbərlə müsahibə etmişdim. O, dünyanı gəzib, evsiz-eşiksiz insanların, kobud desək, bomjların saçını, saqqalını səliqəyə salır. Sonra sizin eyni mövzuda olan bir videonuzla rastlaşdım. Çox təsirləndim.

- Biz həmin şəxsi "barber şop"un önündən keçəndə görürdük. Bəzən əlində qəzet olurdu, bəzən içki şüşələri. Çox xarizmatik obrazı var. Daha çox arkanın altında otururdu. Bir gün qərar verdik ki, gedib onu tapaq. Çəkiliş qrupu çağırdıq və izah etdik ki, belə bir videoçarx hazırlamaq istəyirik.

- Özünü necə razı saldınız?

- Çox vaxt onun kimi evsiz insanlar aqressiv və özünəqapalı olurlar. Ona görə düşündük ki, razı olmaz. Amma ünsiyyətdə olandan sonra hiss etdim ki, çox mehriban, söhbətçil, dünyagörüşlü insandır. Amma şən deyil. Təklifimizi izah etdik. Sonra gətirdik, mən saçını və saqqalını səliqəyə saldım. Kofeyə qonaq etdim. Şık kostyum geyindirdik. Həmçinin dedik ki, nə vaxt istəsə, bizim məkana gəlib özünü səliqəyə sala bilər.

- Ondan sonra gəldi?

- Cəmi bir dəfə gəlib. Amma söz verdi ki, ehtiyacı olanda bizə müraciət edəcək.

Leyla Sarabi,

Foto: Pərviz Həşimi