DİN-dən avtomobilləri səkilərdə saxlayan sürücülərə MÜRACİƏT

19 İyun 2019 19:18 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) avtomobilləri piyada səkilərində saxlayan sürücülərə müraciət edib.

DİN-in mətbuat xidmətindən Publika.az-a daxil olan müraciətdə bildirilib:

“Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması, sürücülər tərəfindən qanunsuz zəbt edilməsi hallarının artması vətəndaşların haqlı narazılığına səbəb olur. Bu barədə Daxili İşlər Nazirliyinə ayrı-ayrı şəxslər tərəfindən şikayət xarakterli məktublar ünvanlanır. Bildirmək istəyirik ki, yollarda təhlükəsizliyin təmin olunması üçün istər piyadalar, istərsə də sürücülər qanunların tələblərinə riayət etməli və qaydaları pozmamalıdırlar. Dayanma-durma tələbinin düzgün yerinə yetirilməməsi digər hərəkət iştirakçıları ilə yanaşı, piyadaların da həyatına böyük təhlükə yaradır. Sürücülərin diqqətinə çatdırılır ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsi dayanma-durma, 53-cü maddəsi isə avtommobillərin parklanma tələblərini tənzimləyir”.

Müraciətdə, həmçinin bildirilib ki, iyunun 19-da Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təbliğat işlərini gücləndirmək məqsədilə paytaxtın bir neçə prospekt və yollarında piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, xüsusilə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta tərkibi yaradır. Belə ki, səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxmasına və beləliklə də onların həyatlarını təhlükə qarşısına qoyması ilə nəticələnir. Rəyi soruşulan paytaxt sakinləri də avtomobillərin səkilərdə park edilməsinin piyadaların hərəkətinə ciddi maneə yaratdıqlarından şikayətləniblər. Qeyd edək ki, paytaxtın bəzi nöqtələrində sürücülərin əlillər, uşaq arabalarının hərəkəti üçün nəzərdə tutulan pandusların üzərində belə nəqliyyat vasitələrini park etdikləri müşahidə olunub.

“Sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar”, - deyə müraciətdə qeyd olunub.