XİN rəhbəri Devid Heyllə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

20 İyun 2019 08:45 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşınqtonda ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl ilə görüşüb.

XİN-dən Publika.az-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlığının siyasi gündəliyinə daxil olan bir sıra məsələlər müzakirə edilib. Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.

Bölgədə mövcud vəziyyət barədə danışan iki dövlətin rəsmiləri həlli uzadılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və prosesin irəli aparılması üçün atılmalı olan zəruri addımları müzakirə ediblər. Tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində hazırda aparılan danışıqlar prosesinə dəstəyi ifadə ediblər.

Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirilib və bu xüsusda ölkəmizin strateji önəmi Dövlət Katibinin müavini tərəfindən vurğulanıb.

Tərəflər, habelə bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.