XİN rəhbəri latviyalı səfirlə görüşdü

26 İyun 2019 04:52 (UTC+04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, görüşdə Azərbaycan və Latviya arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Səfir Yuris Maklakovs diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, fəaliyyət ərzində yüksək səviyyəli rəsmilərin səfər mübadiləsinin həyata keçirildiyini, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin, yerli özünüidarəetmə səviyyəsində 15 müqavilənin imzalandığını, tvinninq layihələrinin və digər tədbirlərin uğurla həyata keçirildiyini xüsusi qeyd edib.

Tərəflər iqtisadi, turizm, kənd təsərrüfatı, tranzit kimi sektorlarda hələ reallaşdırılmamış potensialın mövcud olduğunu ifadə edərək, bu istiqamətlərdə gələcəkdə əməkdaşlığın genişləndirilməsi zərurətini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov səfir Yuris Maklakovsa gələcək fəaliyyətində uğurlar arzu edib.