Terrorçular Qərbi Azərbaycana hücum etdi: 3 ölü, 1 yaralı

10 İyul 2019 11:59 (UTC+04:00)

Naməlum silahlı şəxslərin Qərbi Azərbaycan əyalətinə hücumu nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının üç hərbçisi ölüb, bir nəfər yaralanıb.

Hadisə iyulun 10-da gecə saatlarında əyalətin Piranşəhr rayonun Sərdəştlə sərhəddi yaxınlığında baş verib.

Hücum edənlərin kimliyi hələlik müəyyən edilməyib, terror aktının məsuliyyətini isə hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Piranşəhr İraqla sərhəddə, İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinə aiddir. Bu şəhərdə Azərbaycan türkləri ilə yanaşı kürdlər də yaşayır. Terrorçu PKK-nın İrandakı “PEJAK” adlı qolu isə Güney Azərbaycanın Türkiyə ilə sərhədlərində yerləşən kəndlərə tez-tez hücum edir. Əyalətin Urmiya, Xoy, Salmas, Çaldıran və Maku bölgələrinə bağlı onlarla kəndin türk (azərbaycanlı) sakinləri bu terrorçu dəstənin təhdidlərinə məruz qalır. Eyni zamanda həmin rayonların əhalisi elektrik enerjisi və su təchizatından əziyyət çəkir. Həmçinin həmin yaşayış məntəqələrinin sakinlərinə infrastruktur xidmət göstərilmir. İyulun 3-də PKK-nın hücumu nəticəsində Həsən Dərgahi, Tohit Müstəşari və Ələsgər Heydərzadə öldürülüb. Qeyri-rəsmi mənbələrin məlumatına əsasən, İranın daxili işlər naziri Əbdülrza Rahmani Fəzli terrorçuların Azərbaycan kəndlərinə hücumunun qarşısını almaq üçün əməli addım atmır. Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari isə baş verənləri müşahidə etməklə məşğuldur. Bəzi mənbələrin məlumatına görə, İranda müəyyən qüvvələr terrorçuların Azərbaycan əyalətlərində güclənməsinə və onların fəaliyyətinə maliyyə dəstəyi verir. Nazir və valinin kürd etnik qrupuna mənsub olduğu bildirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan valisinə himayədarlıq edən İranın DİN başçısı Əbdülrza Rahmani Fəzli bir müddət əvvəl terrorçu PKK-nın düşərgə saldığı İran-İraq sərhədində yerləşən Kandil dağına gedib və orada foto da çəkdirmişdi.

“İran artıq bütün məzlumlar üçün imtina edilməyəcək əsas ümid yeridir”, deyə İran DİN başçısı Kandildə olan zaman bildirmişdi.

Qərbi Azərbaycan əyalətinin sakinləri bildirib ki, terrorçu “PEJAK”-ın silahlıları bölgədə heç bir çətinliklə üzləşmədən fəaliyyətinin davam etdirir. İranın güc strukturları isə ya onların qarşısını ala bilmir, ya da terrorçuların fəaliyyətinə göz yumur. (Report)