FHN-in regional mərkəzində mülki müdafiə kursları keçirildi

13 İyul 2019 15:11 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” kateqoriyası üzrə mərkəzi mülki müdafiə kursları keçirilib.

FHN-dən Publika.az-a bildiriblər ki, beş gün davam edən kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları və davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər yerli qurumların əməkdaşları da tədris prosesində iştirak ediblər.

Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.