Kərimlinin nümunə göstərdiyi Ermənistanda çörək davası - Paşinyanın maskası düşdü

19 İyul 2019 15:59 (UTC+04:00)

İki gün öncə Ermənistanın küçədən siyasi Olimpə gətirilən “demokratiyası” üçün qırılma nöqtəsi oldu və Paşinyanın maskası düşdü.

“Güzəşt olmayacaq, güc tətbiq edəcəyik”, - Nikol nəhayət dəri altında gizlətdiyi qurd kimliyini göstərdi. Onun leksikonu bütün diktatorların danışdığı eyni dildir. Və o, sələfindən heç nə ilə fərqlənmir.

2018-ci ilin aprelində kütlənin önündə gedən Paşinyana prezident postundan düşüb, baş nazir postuna tullanan Serj Sarkisyan da eyni sözləri demişdi. Cəmi 3 dəqiqəlik görüşdə Sarkisyan “etirazçılar şantaj dili ilə danışır, buna icazə verilməyəcək” dedi və bir gün sonra taxtını təhvil verməyə məcbur oldu. O zaman Paşinyan “xalq qalib gəldi” pafosu ilə kütləni arxasınca aparırdı. Teatr başa çatdı, hər kəs evinə dağıldı və məlum oldu ki, ermənilər bir diktatoru devirib, digərini taxta çıxarıblar.

Nikolun komandası taxta çıxdıqlarının ildönümündə şişirdilmiş rəqəmlərlə “inkişaf dastanı” yazırdılar, hərçənd, sadə ermənilər üçün heç nə dəyişməmişdi, əksinə sosial vəziyyət getdikcə ağırlaşır, iş yerləri sürətlə bağlanır, intiharların sayı çoxalır və ümidlər külə çevrilirdi. Artıq ermənilər “demokratik inqilab”ın onları aclıqdan xilas etməyəcəyini anlayırlar.

İcevan rayonunda “çörək pulları”nın kəsilməsinə etiraz edən camaatla polisin qarşıdurması Ermənistan “demokratiyası”nın mahiyyətini ortaya çıxardı. Paşinyan rayonda ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu bəyan etdi. Hökumət bunun qarşısını aldıqdan sonra “çörəyi ağacdan çıxan” taxta sexlərinin işçiləri işsiz qaldılar. İşçilər buna etiraz edərək, Gürcüstana gedən magistral yolu bağladı. Yüzlərlə insanın qatıldığı etiraz aksiyasına polis dəyənəkləri ilə müdaxilə edildi, nəticədə onlarla insan yaralandı. Hətta mülki geyimli polislərin insanları döydüyü haqda faktlar var. Nikol Paşinyan isə tam bir diktator kimi “güzəşt olmayacaq, güc tətbiq edəcəyik” deyə bildirdi.

“Heç bir qanunsuz kompromis olmayacaq və bunu hamının bilməsi vacibdir. Bu vəzifəni hüquq-mühafizə orqanları qarşısında dəqiq şəkildə qoyuram. Heç kim hökumətlə şantaj dilində danışmaq haqqına sahib deyil”, - Paşinyan Sarkisyanın ona dediyi sözləri təkrarlayır və “inqilabın düşmənləri məhv ediləcək” təhdidini yağdırır.

Hətta o, işsiz qalan insanların etirazını “üçüncü qüvvələrin təxribatı” kimi qələmə verdi.

“Hakimiyyət və xalq arasında çatlar sürətli şəkildə böyüməyə başladı. Paşinyan özünü ötən il devrilən diktator kimi aparır. İcevanda baş verən hadisə İrəvanda ciddi narahatlıq doğurmalı idi, lakin Paşinyan xalqı təhdid etməkdən belə çəkinmədi. “İnqilabın düşmənləri məhv ediləcək” deyən Paşinyan artıq diktatorluğa keçdiyini gizlətmir. Əslində ürəyində anlayır ki, İcevanda insanlar çarəsizlikdən küçələrə çıxdılar, çünki onlar ağacları kəsməsələr yüzlərlə ailə bir tikə çörəyə möhtac qalacaq. Bəs onlar necə yaşasınlar? Axı son bir ildə xalqın həyat səviyyəsi yaxşılaşmadı, inqilabçı hakimiyyət iqtisadi vəziyyəti yaxşılaşdıra, investisiyaları cəlb edə və yeni iş yerləri yarada bilmədi. Bu hakimiyyət əvvəlkindən nə ilə seçilir? Budur, hakimiyyət xalqın problemləri qarşısında kar və kordur, kim səsini çıxarırsa, güc tətbiq edir”, - erməni şərhçi Tevos Arşakyan yazır.

Digər şərhçi Samvel Ohanesyan isə yazır ki, insanların meşələri qırması doğru deyil, lakin onların bundan başqa seçimi yoxdur: “Hökumət insanların gəlir yerini bağlayır, lakin heç bir alternativ təklif etmirlər. Yüksək maaşlı yeni iş yerlərindən danışırlar, amma bu kağız üzərindədir, reallıqda heç bir yeni iş yeri yoxdur, əksinə köhnələr bağlanır. Biz köhnə sistemi dağıtdıq, amma yenisini hələ də yarada bilməmişik. İcevan hadisəsi təxribat deyildi, bu, insanların apardığı çörək davasıdır”.

Paşinyan ermənilərin “çörək davası”nı süngü ilə qarşıladı. Ermənilərin nümunə göstərdikləri “demokratik Ermənistan” şarı bir həmlədə havaya uçdu. Və burada ən maraqlı məqam Nikol Paşinyanı “demokratik lider” libasında görən Azərbaycan müxalifətinin bəlli kəsiminin nə deyəcəyidir. Axı Paşinyanın maskasının düşməsindən bir gün öncə - iyulun 16-da Əli Kərimli Ermənistanı Azərbaycan üçün nümunə göstərmişdi. Bu da Paşinyanın “demokratik Ermənistanı”...

Vaxtilə qızılgül taxanlar, narıncıya bürünənənlər, sonra ərəbləşməyə can atanların erməniləşmək istəyi o qədər də təəccüblü deyil, lakin Paşinyana bəslədikləri ümidlərin özünü doğrultmadığı da ortadadır...

Asif Nərimanlı